AZ

Pakistan yoxsa Hindistan? - Beynəlxalq güclər hansı tərəfdədir?

Hindistan və Pakistan arasında artan gərginlik beynəlxalq aləmdə ciddi narahatlıq doğurub. Aprel ayında Hindistanın Pahalgam bölgəsində baş verən terror aktında 26 nəfərin həyatını itirməsi Yeni Delhini cavab tədbirləri görməyə vadar etdi.

 

Hindistan “Sindoor” adlı hərbi əməliyyatla Pakistan ərazisində yerləşən terror qruplarına aid düşərgələrə hava zərbələri endirib. Bu hadisə iki nüvə dövlətinin yenidən qarşıdurma astanasına gəlməsinə səbəb olub.

 

Sfera.az xəbər verir ki, indiyədək bir neçə böyük güc Hindistanın yanında olduğunu bəyan edib. Birləşmiş Ştatlar, terrorla mübarizə çərçivəsində Hindistanın atdığı addımları dəstəkləyərək özünü müdafiə hüququnu tanıdığını bildirib. Vaşinqton eyni zamanda hər iki tərəfi təmkinli olmağa çağırır.


Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığında Pahalgam terror aktını qınayıb və Hindistanın təhlükəsizliyinin qorunmasına dəstəyini ifadə edib. İsrail də Hindistanla təhlükəsizlik əməkdaşlığını davam etdirərək, terrorizmlə mübarizədə Dehlinin yanında olduğunu bildirib.


Digər tərəfdən, Çin Hindistanın hava hücumlarını kəskin şəkildə qınayıb. Pekin Pakistanın suverenliyinə hörmətlə yanaşılmalı olduğunu vurğulayaraq tərəfləri dialoqa səsləyib. Çin Xarici İşlər naziri Vanq Yi Pakistanla əməkdaşlıq mesajı verib.

 

İslam dünyasından da Pakistanın arxasında duran ölkələr var. Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Hindistanın hərbi əməliyyatlarını qınayaraq, İslamabada siyasi və mümkün hərbi dəstək vəd ediblər. İran isə tərəflər arasında vasitəçilik təklif edib və münaqişənin diplomatik yolla həllinə çağırış edib.

 

BMT və Avropa İttifaqı kimi beynəlxalq qurumlar da baş verən hadisələrlə bağlı narahatlığını ifadə edərək tərəfləri maksimum təmkinə çağırır. Xüsusilə nüvə silahlarına sahib iki dövlətin qarşıdurmasının regional və qlobal təhlükəyə çevrilə biləcəyi qeyd olunur.

 

Hazırkı vəziyyət dünya ictimaiyyətini ciddi narahat edir. Həm Hindistan, həm də Pakistanın arxasında dayanan böyük güclər münaqişənin dərinləşməsinin qarşısını almağa çalışsa da, regionda təhlükəli və qeyri-müəyyən bir dönəmə girildiyi açıq şəkildə hiss olunur.

 

Diplomatiyanın qapıları hələ tam bağlanmasa da, hərbi ritorikanın ön plana çıxması təhlükənin real olduğunu göstərir.

 

Bəsti Rəfizadə
Sfera.az

 

Seçilən
0
sfera.az

1Mənbələr