BAKI, 7 may. TELEQRAF
Masallı rayonunda sevgi münasibətində olduğu qadına işgəncə verən 44 yaşlı kişi həbs edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Masallı rayon sakini 1981-ci il təvəllüdlü Cəfər Quliyevin (ad-soyad şərti verilib – red.) birlikdə yaşadığı Aydana işgəncə verdiyi iddia olunub.
Aydan Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib və qeyri-rəsmi yaşadığı Cəfər Quliyevin onu döydüyünü, əl-qolunu bağlayaraq işgəncə verdiyini bildirib. Məlumat əsasında Masallı Rayon Polis Şöbəsi cinayət axtarış bölməsinin əməliyyat müvəkkili və iki polis əməkdaşı şikayət olunan ünvana yaxınlaşıblar. Qadının işgəncəyə məruz qalması və əl-qolunun bağlanması faktı təsdiqini tapmayıb.
Cəfər Quliyev izahatının alınması üçün polis şöbəsinə dəvət olunub. Bu zaman o, ucadan əxlaqsız küçə söyüşləri söyərək polis şöbəsinə gəlməkdən imtina edib. Polislər bir necə dəfə nizam-intizama dəvət etsələr də, o, polislərin qanuni tələblərinə tabe olmayıb.
Cəfər Quliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Cəfər Quliyev bildirib ki, Bakı şəhərindən yaşadığı evə qayıtdığı zaman birlikdə yaşadığı Aydanın görüntülü olaraq kiminləsə danışdığını görüb: “Əsəbləşərək ülgüclə Aydanın saçını qırxdım. Lakin onu döyməmişəm, əl-qolunu bağlamamışam. Bundan sonra küçəyə çıxdım, bir neçə dəqiqə sonra polis əməkdaşları mənə yaxınlaşdılar və şöbəyə dəvət etdilər. Artıq barəmdə polisə məlumat verildiyini anlayaraq əsəbləşdim, ünvansız söyüşlər söydüm. Hərəkətlərim təxminin 2-3 dəqiqə davam etdi.
Əsəbi olduğum üçün əvvəlcə polis əməkdaşlarına etiraz etsəm də, sonra polis əməkdaşlarının məni şöbəyə dəvət etmələri ilə razılaşdım. Polis şöbəsində izahatım alındı”.
Masallı Rayon Məhkəməsinin qərarı ilə Cəfər Quliyev inzibati qaydada 8 gün müddətinə həbs edilib.