Moskvada mayın 9-da keçiriləcək parada 26 dövlət başçısı və 3 tanınmamış respublika başçısının qatılacağı gözlənilir.
Ulusal.az xəbər verir ki, bu barədə Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib. O, qondarma Abxaziya və Cənubi Osetiya başçılarını, eləcə də Fələstin rəhbərini də xarici ölkə liderləri sırasına qataraq, tədbirdə 29 dövlət başçısının iştirak edəcəyini deyib.
Bunlar aşağıdakı ölkələrin liderləridir: Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo Respublikası, Kuba, Laos, Monqolustan, Myanma, Slovakiya, Serbiya, Efiopiya.
Uşakovun sözlərinə görə, Hindistan, İndoneziya, Nikaraqua və Cənubi Afrika da “yüksək səviyyədə” təmsil olunacaq. Moskvanın Ukraynaya qarşı müharibədəki əsas tərəfdaşı olan Kim Şen In isə parada qatılmayacaq və KXDR yalnız səfir səviyyəsində tədbirdə iştirak edəcək.
Mayın 9-da səhər, Uşakovun sözlərinə görə, xarici ölkə liderlərinin nümayəndə heyətlərinin qarşılanması mərasimi keçiriləcək, bundan sonra onlar Moskva vaxtı ilə saat 10:00-da paradın başlayacağı Qızıl Meydana gedəcəklər. Burada xarici hərbi kontingentlər də iştirak edəcək və onların keçidi olacaq. Rusiyanın Müdafiə naziri Andrey Belousov deyib ki, paradda iştirak etmək üçün 19 ölkədən hərbi birləşmələr dəvət olunub. Bunların ən böyüklərindən biri 102 nəfərin daxil olduğu Çin hərbi kontingenti olacaq.
Moskvada keçiriləcək paraddan əvvəl Rusiya hakimiyyəti tədbirin Ukrayna PUA-ları tərəfindən pozulmaması üçün əlavə təhlükəsizlik tədbirləri görür. Xüsusilə, Rusiya paytaxtına əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyi bildirilir. Polis Rusiya sakinlərindən mayın 9-da və ondan əvvəlki günlərdə atəşfəşanlıq etməməyi tələb edib, həmçinin Moskvada dronların buraxılmasını tamamilə qadağan edib. Bundan başqa, şəhərdə mobil rabitə və internet məhdudlaşdırılıb.
Putin aprelin 28-də bildirmişdi ki, Rusiya 7-8 may gecə yarısından 10-11 may gecə yarısına kimi “bütün hərbi əməliyyatları” dayandırır. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu qondarma atəşkəsi rədd edib. Əksinə, Kremldə paradın təhlükəsiliyinə dair narahatlıqlar olduğunu qeyd edərək, “düz edib narahat olurlar” demişdi.
Kreml bunu tədbirə qarşı Ukraynanın birbaşa təhdidi kimi dəyərləndirəndən sonra Zelenski deyib ki, Kiyev Moskvadakı paradda digər ölkələrin nümayəndələrinin təhlükəsizliyinə zəmanət verə bilməz, çünki Rusiya tərəfi özü təxribat, partlayış törədə və buna görə Ukraynanı günahlandıra bilər. Əslində, bunda da məntiq var. Rusiya ən yeni tarixində bu cür təxribatlara dəfələrlə əl atıb. Təkcə Çeçenistanda müharibəyə başlamaq üçün Rusiyadakı yaşayış binalarının partladılması və buna görə məsuliyyətin çeçenlərin üzərinə atılmasını xatırlamaq kifayətdir…
Onu da qeyd edək ki, bir neçə liderin mayın 9-da Moskvaya gəlişi sual altındadır. Bunların sırasında Qazaxıstan, Slovakiya və qəfil “xəstələnən” Serbiya başçılarının adı daha çox çəkilir. Bununla yanaşı, əksər müşahidəçilər son günə qədər parada dəqiq neçə liderin qatılacağını söyləməyin doğru olmadığı fikrindədirlər.
Ukraynanın mümkün birbaşa zərbələrinə gəlincə, çoxları bunun inandırıcı olmadığını bildirirlər. Baxmayaraq ki, Ukrayna tərəfi haqlı olaraq, parada toplaşan Rusiya hərbi kontingentini və silahlarını “qanuni hədəf” hesab edir.
Məsələn, “Bellingcat” layihəsinin tanınmış araşdırmaçı jurnalisti Xristo Qrozev deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin məlum hədələri “peşəkar blefdir”. Bir çoxları kimi, o da hesab edir ki, parad günü Ukraynanın həmin tədbiri birbaşa vuracağı inandırıcı deyil. Bu, həm siyasi, həm də hərbi cəhətdən doğru olmazdı. Eləcə də, tanınmış ukraynalı jurnalist Yevgeni Kiselyov öz efirində vurğulayıb ki, paradda Ukrayna ilə yaxşı münasibətdə olan bəzi ölkə başçıları da olacaq. O xüsusi qeyd edib ki, Azərbaycan kimi Ukraynaya dost bir ökənin liderinin də qatıldığı tədbiri vurmaq siyasi baxımdan məqsədəuyğun olmazdı…
Əvəzində, parada qədər Moskvaya mümkün qədər çoxlu sayda PUA hücumları həyata keçiriləcək ki, tədbirin təşkilinə, eləcə də Rusiyanın özünü müdafiə imkanlarına, hərbi qüdrətinə növbəti dəfə kölgə salınsın. Həmçinin, bu səbəbdən təhlükəsizlik məsələsini nəzərə alan hansısa dövlət başçıları parada qatılmaqdan imtina etsin. Qrozevin fikrincə, Zelenskinin əsas məqsədi budur və buna nə dərəcədə nail olunacağı yalnız parad günü məlum olacaq.“AzPolitika.info”