Hindistanın əlində isə nüvə silahından da güclü psixoloji təzyiq vasitəsi olan su resursları var. Hindistanın öz çaylarının Pakistana axmasına icazə verən 1960-cı il müqaviləsindən çıxması Pakistanın kənd təsərrüfatına ciddi ziyan vurur: "Bütün bunlar, üstəlik baş vermiş son hərbi toqquşma iki ölkə arasında hərbi və diplomatik arxa kanalların demək olar ki, tamamilə aradan qaldırıldığını deməyə əsas verir. Ancaq bu deyilənlər təqdim olunan informasiya görüntülərinə istinad edən fikirlərdir. Hadisələrin arxa fonu daha böyük strateji hesablamalara toxunulmasını zəruri edir.
Birinci növbədə, Pakistan son illərdə Çinin ekspansasiyasına şərait yaradıb, artıq Pekin İslamabadın hərbi sənayesinə qədər dərindən nüfuz etməyi bacarıb. Yəni regionda Çin-Pakistan üstünlükləri Hindistanı öz hərbi modernləşməsini sürətləndirməsinə gətirib çıxarır. Baş verən toqquşmalar bir növ hərbi arsenalların nə qədər uzağa getdiyini test edir, Çinin bu cəbhədə "müharibə apara biləcəyini" yoxlamağa şərait yaradır.
İkincisi, Hindistanın arxasında ABŞ və Fransa dayanır, hərçənd ki, baş verənlər əsas dəstəkçi kimi diqqəti daha çox Vaşinqtona yönləndirir. ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra Pakistanla Ağ Ev arasında hərbi təhlükəsizlik əlaqələri zəifləyib,
hətta pisləşib. Bu azmış kimi, Pakistan Çinin "Bir kəmər, bir yol Təşəbbüsünün" flaqman tərəfdaşıdır. Belə bir zamanda ABŞ-nin Çinə qarşı elan etdiyi tarif müharibəsinin nəticə verməməsi Ağ Evi alternativ məşqə istiqamət almasına səbəb oldu. Bu, Hindistan-Pakistan münaqişəsinin alovlanması, lakin Ağ Evin idarəsindən kənara çıxmaması ssenarisinə uyğun siyasətin tətbiqi idi. ABŞ-nin əsas məqsədi Hindistan-Pakistan konflikti vasitəsilə Pakistan-Çin əməkdaşlığına zərbə vurmaq modelinə əsaslanır.
Üçüncüsü, ABŞ-nin nəhəng ticari-iqtisadi ambisiyalarında görünür. Vaşinqton Ukrayna kimi, Pakistanla da minerallara çıxış əldə etmək üçün saziş imzalamağa tələsir. Bu, Çinin regionda iqtisadi ekspansiyasına qarşı alternativdir. Bir sözlə, Pakistan-Hindistan savaşı ABŞ-nin Çinə qarşı tərəqqisinə xələl gətirmədən inkişaf etməlidir, hərçənd ki, Pekinin bundan sonrakı addımları maraq doğurur. Bu üç məqam ABŞ strategiyasının dərinliyini qeyd edir: Vaşinqton həm Pakistanı Çinin nüfuz dairəsindən çıxarmaq istəyir, həm də Hindistanı Çinə qarşı alternativ qüvvə kimi təkmilləşdirir".
Bəs hərbi toqquşma hansı nəticələrə səbəb olacaq? Siyasi şərhçi bildirib ki, strateji baxımdan tammiqyaslı müharibə nə Hindistana, nə də Pakistanın maraqlarına cavab verir: "Çünki Hindistanla Pakistan uzunmüddətli müharibəyə tab gətirə bilməz. Hindistanın gələcək eskalasiyadan yayınmaq üçün əməliyyatları "fokuslanmış, ölçülüb-biçilmiş və gərginləşdirilməmiş" əməliyyat kimi xarakterizə etməsi özü də həmin məntiqə istinad edir. Bununla belə, Hindistan-Pakistan gərginliyinin regiona hansı səviyyədə yayılması narahatlıqları artırır.
Bunun müşayiətində ABŞ Çini təhlükəli münaqişələrə cəlb etmək istəyərkən, Pekin diqqətli balanslaşdırma aktını həyata keçirəcək. Hind-Sakit Okean regionunda ABŞ-Hindistan tərəfdaşlığı güclənən Çin təsirləri ilə üzləşərək region üçün əlavə xərclərin çəkilməsini aktuallaşdıracaq. ABŞ ilə Hindistan Çinin bu böyük regionda üstün təhlükəsizlik təminatçısı kimi fəaliyyət göstərə bilməsi ehtimallarından ehtiyat edir".