Rusiya hava limanlarında PUA hücumları səbəbindən Moskva hava limanlarının bağlanması ilə əlaqədar uçuşlarda saatlarla gecikmələr yaşanır.
APA-nın Moskva müxbiri xəbər verir ki, onlarla təyyarə havaya qalxmaq üçün növbə gözləyir və sərnişinlər kütləvi şəkildə təyyarələrdə ac və susuz saxlandığını bildirirlər.
Belə ki, “Pobeda”nın Mahaçqala-Moskva reysi 13 saatdan çox gecikib. Əvvəlcə saat 19 radələrində təyyarə Moskvaya uçsa da, sonra geri qayıdıb. Sərnişinlərin sözlərinə görə, aviaşirkət otel təmin etməyib.
Pulkovoda vəziyyət daha pisdir. Belə ki, Sankt-Peterburqa enən “Emirates Airlines” aviaşirkətinin Dubay-Domodedovo reysinin sərnişinlərinə 6 saat ərzində təyyarəni tərk etməyə icazə verilməyib, sonra isə sadəcə olaraq Moskvaya sərbəst getmək təklif edilib. Sərnişinlərin sözlərinə görə, çoxları o qədər taqətdən düşüb ki, aviaşirkət nümayəndələrinə heç bir tələb belə irəli sürməyiblər.
Pegasus Hava Yollarının Antalya-Moskva reysi ilə uçan sərnişinlər də oxşar vəziyyətlə üzləşiblər. Onların reysi də Pulkovoya enib və sərnişinlərin dediyinə görə, onlar “heyvan kimi” 7 saatdır təyyarələrdə saxlanılıblar.
“Özbəkistan Hava Yolları”nın Daşkənd-Moskva və Aeroflotun Çelyabinsk-Moskva reysi ilə uçan sərnişinləri də təyyarədə gecələyiblər. Lakin 7 saatlıq gözləmədən sonra nəhayət ki, insanlara təyyarələri tərk edərək hava limanına getməyə icazə verilib.
Analoji hadisə Ural Hava Yollarının Səmərqənd-Moskva reysi ilə uçan sərnişinlərin də başına gəlib. Jukovski hava limanı reysi qəbul etməyib və təyyarə Samarada eniş edib. Təyyarədə 4,5 saat gözlədikdən sonra insanlar hava limanına buraxılsalar da, otellə təmin olunmayıblar.
Sərnişinlərin dediyinə görə, onlara bütün otellərin dolu olduğu bildirilib. Ural nümayəndələri həmçinin sərnişinlərə bildirdilər ki, uçuşa davam etməkdən imtina etsələr, marşrutun bir hissəsi artıq əhatə olunduğu üçün biletlərin pulu qaytarılmayacaq.