"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik təşəbbüslər Azərbaycanın gələcəyinə dair müsbət bir dönüş yaratdı. 1994-cü il mayın 12-də Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli diplomatik fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs razılığı əldə olundu. Bu mühüm sənəd müharibənin daha da şiddətlənməsinin qarşısını alaraq ölkənin sabitliyə doğru irəliləməsində həlledici rol oynadı". "Olaylar" xəbər verir ki, bunu YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev deyib: "Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanmışdır. Bu tarixi razılaşma Azərbaycanın müstəqil dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq əzmini, milli maraqlarını müdafiə etmək iradəsini və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirmişdir. "Əsrin müqaviləsi" həm də ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, xarici sərmayələrin cəlbi və uzunmüddətli inkişaf strategiyasının gerçəkləşdirilməsi baxımından fundamental rol oynamışdır.1995-ci il noyabrın 12-də Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası ötən illər ərzində özünü tam doğrultmuş, demokratikləşmə, insan hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi, eləcə də bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində aparılan islahatlar üçün etibarlı hüquqi baza kimi çıxış etmişdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31