“Belə vəziyyətdə Azərbaycanın Ermənistan, Konqo, Kuba, Laos, Myanma, Serbiya, Ekvatorial Qvineya, Efiopiya və Cənubi Osetiya kimi yarımdövlətlərlə eyni sırada dayanması heç də yaxşı görünmür...”
“Təbii ki, ölkə rəhbərliyi bizim bilmədiyimiz başqa təzyiqlərlə də üzləşə bilər...”
“Mümkündür ki, rəsmi Bakı çox da arzulamadığı iki pis variant qarşısında daha məqbulunu seçib”.
Kremlin çoxsaylı insan itkisi ilə nəticələnmiş 25 dekabr təyyarə faciəsinin istintaqını bilərəkdən ləngitməsinə, Azərbaycanın demək olar ki, heç bir tələbini yerinə yetirməməsinə, üstəlik, bu günlərdə Rusiyaya rəsmi səfər edən deputatımızı deport etməsinə, bununla belə ölkə başçısı İlham Əliyevi 9 may paradına dəvət etməsinə və s. nə ad vermək olar? Bu necə müttəfiqlikdir?.. Bütün bunlar (hələ digər Ukraynanın işğalı və s. bağlı beynəlxalq yüklü səbəbləri demirik) Azərbaycan rəhbərliyinin, o cümlədən ordusunun 9 may paradında iştirakdan imtina etməsinə əsas vermirmi? Və paradda iştirak etməsək, qarşılığında Putin özünün, ölkəsinin Ukrayna "bataqlığı"nda çabaladığı indiki ağır durumunda bizim üçün çox təhlükəli hansısa addımlar ata bilərmi?
Moderator.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Moskvadakı qələbə paradında iştirak etməmək üçün çox əsasları var: “Hər şey bir tərəfə, rəsmi Kiyev Moskvada keçiriləcək parada hücum edilməyəcəyinə heç bir zəmanət vermədiyini açıqlayıb. Faktiki olaraq, bu açıqlama həm Rusiyaya, həm də onun düşmənləri olan NATO dövlətlərinə 9 may paradında təxribat törətməsinə bəhanə verir. Bilirsiniz ki, NATO müttəfiqləri Rusiyanı zəiflətmək üçün Ukrayna savaşının tezliklə bitməsini istəmirlər. Hətta utanmadan bunu dilə gətirirlər. Danimarka öz əlindəki bütün silahları Ukraynaya göndərməyi belə əsaslandırır ki, özümüzün vuruşmasını təmin etmək üçün Kiyevi silahlandırmalıyıq. Bu isə o deməkdir ki, biz Rusiya ilə üz-üzə gəlib əsgərlərimizi itirincə, Ukraynanı yaxşıca silahdıraq, o da bizim əvəzimizə döyüşsün və qorxunc düşmənimizi tamamilə çökdürsün. Biz də sadəcə silah verməklə və canlı itkilərə məruz qalmadan öz hədəfimizə çataq. Yadınızdadırsa, ötən il ABŞ Senatının respublikaçı spikeri də təxminən eyni arqumentlə çıxış edib Bayden hökumətinin Ukraynanı silahlandırmasına qoyduğu vetonu qaldırmışdı. NATO-nun digər müttəfiqi Almaniyanın Xarici Kəşfiyyat İdarəsinin prezidenti Bruno Kahl da bu yaxınlarda verdiyi açıqlamada Ukrayna müharibəsinin daha 5 il davam etməsinin vacibliyinə toxunmuşdu. O bildirmişdi ki, bu 5 il ərzində Avropa ölkələri özünü toparlayıb Kremlin gözlənilən hücumuna hazırlaşa və zəifləmiş Rusiyanı daha rahat zərərsizləşdirə bilər. Əgər NATO-nun məqsədi bu müharibəni uzatmaqdırsa, ən qısa yol 9 may paradına dron hücumları təşkil etməkdir. Eyni şəkildə, Rusiyanın özü də Ukraynanın savaşı dayandırmaq istəmədiyini sübuta yetirmək və onu müttəfiqlərindən ayırıb təkləmək üçün bənzər təxribatları törədə bilər. Görünür, bu ehtimalları nəzərə alan Hindistan, Monqolustan kimi dövlətlər artıq ən yüksək səviyyədə paradda iştirak etməyəcəklərini açıqlayıblar. Hətta Rusiyanın ən radikal tərəfdarı olan Slovakiyanın Baş naziri belə, paradda iştirak etməmək üçün “xəstələndiyini” bəyan edib. Rusiyanın digər bir dostu Macarıstanın belə, paradda iştirak edəcək 29 ölkə arasında adı çəkilmir. Görünən budur ki, Putinin can bir dostu Viktor Orban da bu mənasız paradda canını təhlükə altına atmaq istəmir. Belə vəziyyətdə Azərbaycanın Ermənistan, Konqo, Kuba, Laos, Myanma, Serbiya, Ekvatorial Qvineya, Efiopiya və Cənubi Osetiya kimi yarımdövlətlərlə eyni sırada dayanması heç də yaxşı görünmür”.
Bununla belə, Heydər Oğuz Azərbaycan hakimiyyətinin bu cür çətin qərarı bəzi riskləri nəzərə alıb verdiyinə inanır:
“Məlumdur ki, Rusiya keçmiş post-sovet məkanına aid olan ölkələrin onu qane etməyən addımlarına xüsusi qısqanclıqla yanaşır. Vaxtilə “Evrovizyon” yarışında Azərbaycandan gözlədiyi balı ala bilməyən Moskva bu adi hadisəni az qala milli faciəyə çevirib ölkəmizə qarşı ağır təzyiqlərə başlamışdı. Nəzərə alsaq ki, hazırda Rusiyada milyonlarla azərbaycanlı yaşayır və rəsmi Bakı onların da taleyini düşünməlidir, o zaman ölkə rəhbərliyinin bəzən istəmədiyi addımları atmaq məcburiyyətində qaldığını anlaya bilərik. Təbii ki, ölkə rəhbərliyi bizim bilmədiyimiz başqa təzyiqlərlə də üzləşə bilər. Hər halda siyasi reallıqlar bəzən ölkə rəhbərlərini çox da bəyənmədikləri addımlar atmağa vadar edir və dövlətlərin maraqları kiçik qürur hisslərinə qurban verilməməlidir. Mümkündür ki, rəsmi Bakı çox da arzulamadığı iki pis variant qarşısında daha məqbulunu seçib”.
Təqdim etdi:
Sultan Laçın