AZ

Aİ kəşfiyyatçıları yenidən sərhədimizdə PEYDA OLDU – Ermənistan növbəti təxribata HAZIRLAŞIR

Bir neçə aydır qeybə çəkilən Ermənistandakı Avropa İttifaqı missiyası yenidən Azərbaycanla sərhəddə görünməyə başlayıb. Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Azərbaycanla həmsərhəd ərazidə müşahidələrini davam etdirərək, bu dəfə Zəngilanla həmsərhəd əraziyə gəliblər. Sərhədçilərimiz onların fəaliyyətlərini müşahidə altında saxlayıblar.
 

Qeyd edək ki, həmin missiyanın yanvar-fevraldakı kəşfiyyat addımları sərhəddə atəşkəsin ermənilər tərəfindən müntəzəm pozulması ilə müşahidə olundu. İndi yenidən müşahidə missiyası sərhəd bölgələrdə kəşfiyyat aparmağa başlayıb.

 

Ermənistan növbəti təxribatlara əl atacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi icmalçı Abutalıb Səmədov bildirib ki, sərhəddə erməni təxribatları bundan sonra da davam edəcək:

“Çünki Ermənistan daxilində və xaricdə mövcud reallıqla barışmayan kifayət qədər qüvvələr var. Xüsusən də Rusiya sülh sazişinin indiki şəraitdə imzalanmasını istəmir. Sülh sazişi hazırdır, yalnız Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac var ki, bu sənəd imzalansın. Ermənistan müxalifəti isə konstitusiya dəyişikliyinə etiraz edir. Erməni xalqının da böyük hissəsi təəssüf ki, bu düşüncədədir. Rusiya nəzarətindəki qüvvələrə təxribatlar törətmək tapşırığı verir”.

Ekspertin fikrincə, Paşinyanın ordunu tamamilə nəzarətə götürə bilməməsi də ermənilər tərəfindən tez-tez təxribatlar törədilməsinə səbəb olur:

“Ermənistan parlamenti sədrinin Rusiyanın bu ölkəyə qarşı hibrid müharibəsi aparmaqda ittiham etməsinin kökündə də bu dayanır. Moskva Paşinyanın dəyişdirilməsində maraqlıdır, amma ona gücü də çatmır. Ümidlər 2026-cı ilin parlament seçkilərinədir. Moskva əlindən gələni edəcək ki, Paşinyan bu seçkiləri uduzsun.

Təxribatlar davam edəcək.

Prosesin belə davam etməsində Aİ-nin sərhəddəki missiyasının da müəyyən rolu var. Onlar da əslində öz maraqlarına cavab verəndə sərhəddə təxribatların olmasına göz yumurlar.

Ancaq bu təxribatların ciddi nəticəyə gətirib çıxarmayacaq. Hərbi əməliyyatların başlanması üçün də güman ki, əsas olmayacaq. Yəqin ki, 2026-cı il seçkilərindən sonra yenidən sülh sazişi barədə danışıqlara başlayıb, onu imzalamaq mümkün olacaq. İndilikdə isə bu mümkün görünmür. Ona görə də təxribatlar da dayanmır”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr