AZ

Bill Qeytsdən 5 həyat dərsi

Dünyanın ən tanınmış texnologiya liderlərindən biri olan Bil Qeyts “Microsoft”u uşaqlıq dostu Paul Allen ilə qurmazdan əvvəl də gələcək üçün böyük planlara sahib idi. 1955-ci ildə dünyaya gəlmiş Qeyts artıq 20 yaşlarında proqram təminatı lisenziyası sahəsində böyük imkanların olduğunu görmüşdü.

Bir gün IBM nümayəndələri Qeytsə yaxınlaşaraq onun əməliyyat sistemi olub-olmadığını soruşduqda, o, tərəddüd etmədən “bəli” cavabını verdi, halbuki belə bir sistem hələ mövcud deyildi. Qeyts “Seattle”dəki kiçik bir proqram təminatı şirkətindən əməliyyat sistemi alaraq onu dəyişdirdi və MS-DOS adını verdi. Bu sistemi IBM-ə 50.000 dollara satdı və hüquqlarını da özündə saxladı. Qısa müddət ərzində MS-DOS geniş yayıldı və şəxsi kompüterlərin əsas əməliyyat sisteminə çevrildi. Ardınca, 1985-ci ildə” Windows” əməliyyat sistemini təqdim etdi və bu sistem öz dövrünün ən populyar proqram təminatına çevrildi.

1987-ci ildə “Microsoft” ictimaiyyətə açıldı və Qeyts cəmi 31 yaşında dünyanın ən gənc milyarderi oldu. 1989-cu ildə Corbis adlı vizual sənət və foto arxivi, 1995-ci ildə isə hələ internet inkişaf mərhələsində olarkən Internet Explorer brauzerini təqdim etdi. Beləliklə, Qeyts dünyanın ən varlı insanı statusunu qazandı.

1994-cü ildə anası Mary Maxwell vəfat etdikdən sonra Qeyts “Microsoft”dan kənar sahələrdə də aktiv fəaliyyətə başladı. Mary Qeyts bankçılıq sahəsində nüfuzlu bir şəxs idi və oğlunun uğurları üzərində böyük təsiri olmuşdu. Uşaq yaşlarından Bil Qeyts anasının ciddi qaydalarına qarşı çıxırdı və bu, onların tez-tez mübahisə etməsinə səbəb olurdu. Nəticədə anası onu psixoloqa aparmışdı. Terapevt valideynlərə Qeytsi bir qədər sərbəst buraxmağı tövsiyə etmişdi və bu, onun maraqlarını, xüsusilə də kompüter texnologiyasına olan sevgisini kəşf etməsinə imkan verdi.

İllər sonra, artıq milyarder olan Qeyts, anasının sərvətini xeyriyyə işlərinə yönəltmək çağırışına qarşı çıxsa da, sonda razılaşdı. “Microsoft” daxilində bir xeyriyyə fondu yaradaraq anasının istəklərini həyata keçirdi. Marynin gələcək gəlininə yazdığı bir məktub bu işə dərin mənəvi dəyər qazandırdı: "Çox qazanan insanlar çox verməlidir."

Bu fikirlər Bil Qeytsin həyat fəlsəfəsinə çevrildi. O, atasına 100 milyon dollar verərək “William H. Gates Fondu”nu yaratdı. Bu fond 2000-ci ildə həyat yoldaşı ilə birlikdə qurduğu “Bill & Melinda Gates Fondu” ilə birləşdirildi.

2011-ci ildə Qeyts həyat yoldaşı Melinda və dostu Varren Buffett ilə birlikdə milyarderlərin sərvətlərini sağlıqlarında xeyriyyə işlərinə bağışlamalarını təşviq edən "Giving Pledge" kampaniyasını başladılar. Bu günə qədər Qeyts ailəsi təxminən 29 milyard dollar bağışlayıb.

Bil Qeytsdən varlı olmaq istəyənlər üçün 5 həyat dərsi

Oxuyun, oxuyun və yenə də oxuyun

Qeytsin uğurlarının təməlində daim öyrənmək və mütaliə etmək durur. Onun bloqunda kitab tövsiyələri bölməsi var və burada hər mövzu üzrə təhlil və təkliflər yer alır. Uşaq yaşlarında o, Dünya Ensiklopediyasını tam oxuyaraq qeyri-adi maraq və mütaliə sevgisi ilə fərqlənmişdi. “Uşaqkən çox xəyal edərdim. Düşünürəm ki, bunun oxumaqla əlaqəsi var,” – deyə Qeyts xatırlayır.

Sizi gücləndirəcək biri ilə evlənin

1994-cü ildə Melinda French ilə evlənən Qeyts ailə həyatında da uğur qazanmışdı. Melinda xüsusilə inkişaf etməkdə olan ölkələrdə qadın və uşaqlara dəstək yönündə xeyriyyə işləri ilə tanınır.

Uşaqlarınızı hazıra öyrətməyin

Qeyts cütlüyünün üç uşağı var. O bildirir ki, övladları yüksək keyfiyyətli təhsil alacaq, lakin onlar da başqaları kimi işləyib öz ayaqları üzərində durmalı olacaqlar.

 Risk almağı öyrənin

Harvard-da tələbə olarkən, Qeyts yeni kompüter olan MITS Altair 8800 haqqında oxuyub şirkətə zəng edir və həmin kompüter üçün proqram təminatı yazdığını deyir, halbuki hələ belə bir proqram yox idi. Daha sonra dostu Paul Allen ilə birlikdə “BASIC” proqramlaşdırma dilini hazırlayıb onu MITS-ə satırlar.

Uğura gedən qısa yol yoxdur

Qeyts özünə qarşı da tələbkar olub. “Microsoft”un ilk 5 ilində həm rəhbərlik edir, həm də proqramlaşdırma ilə birbaşa məşğul olurdu. Hətta bir dəfə işçilərdən biri səhər ofisə gəldikdə kresloda yatan birini görüb polisə xəbər vermək istəmiş, lakin sonra həmin şəxsin Bil Qeyts olduğunu anlamışdı.

Günay

Seçilən
0
valyuta.az

1Mənbələr