AZ

Fikrət Sadıqov-85

Ömrünü Azərbaycan kimya sənayesinin inkişafına həsr edən böyük şəxsiyyət

Çoxdan idi ki, məqalə yazmırdım: sanki yadırğamışdım. Ancaq biləndə ki, bu yaxınlarda çoxlarının, eləcə də mənim də bir sadə, təvazökar, xeyirxah insan və savadlı mütəxəssis kimi tanıdığım Fikrət Sadıqovun 85 yaşı tamam olur, onda vaxt itirmədən sözün əsil mənasında bu gözəl şəxslə görüşüb müsahibə götürməyi qərara aldım. Zəngləşib onunla öz bağ evində görüşdük.

- Fikrət müəllim, Siz 28 aprel 1940-cı ildə Ordubad şəhərində qulluqçu ailəsində anadan olmusunuz. Yəqin ki, orta təhsilinizi Ordubadda almısınız və əmək fəaliyyətinizə orada başlamısınız...

- Elədir ki, var. Mən 1948-ci ilin sentyabrında Ordubad şəhərindəki Məmməd Tağı Sidqi adına 1 saylı orta məktəbin I sinfinə getmişəm və 1957-ci ildə həmin məktəbin IX sinfini bitirmişəm. Daha sonra işləyə-işləyə həmin məktəbin nəzdindəki fəhlə-gənclər məktəbinin X sinfini bitirmişəm. Əmək fəaliyyətimə 1956-cı ilin tətil günlərində Ordubad Konserv Zavodunda başlamışam və 1958-ci ilədək orta təhsilimi davam etdirə-etdirə həm bu zavodda, həm də Ordubad İpək Fabrikində fəhlə kimi çalışmışam. 1958-ci ildən isə Ordubad rayon Təmir-Tikinti İdarəsində fəhlə işləmişəm. Sonra isə ali məktəbə daxil olmaq məqsədilə Bakıya gəlmişəm və 1959-cu ilin may ayından sentyabr ayına kimi  Siyəzən Neft Trestində torna dəzgahının alətçisi işləmişəm.

- Sizdə kimya ixtisası üzrə ali təhsil almaq arzusu haradan qaynaqlanırdı?

- Mən məktəb illərində həmyerlim, dünya şöhrətli kimyaçı alim-akademik Yusif Məmmədəliyevin pərəstişkarı idim və ona görə də öz qarşıma kimya üzrə ali təhsil almaq məqsədini qoymuşdum. Atalar demişkən: “Niyyətin hara, mənzilin də ora”. Ona görə də 1959-cu ilin yayında sənədlərimi o vaxtki S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə təqdim etdim, qəbul imtahanlarından əla və yaxşı qiymətlər alaraq bu universitetə qəbul olundum və 1963-cü ilə kimi həmin fakültədə əyani təhsil aldım.

- Bəs sonra?

- 1963-1965-ci illərdə universitetdə əyani təhsilimi davam etdirməklə yanaşı, həm də növbəlilik əsasında Sumqayıt Sintetik Kauçuk Zavodundakı stirol sexində aparatçı, baş aparatçı və növbə rəisi vəzifəsində işlədim.

1965-ci ildə Azərbaycan Dövlət Universitetində ali təhsilimi başa vurduqdan sonra məni işləmək üçün təyinatla o vaxtlar olan Sumqayıt Neft-Kimya  Kombinatına göndərdilər  və mən orada tikilməkdə olan  epoksid qətranları sexinə texnoloq vəzifəsinə təyin olundum və bu vəzifədə 1969-cu ilə qədər işlədim. Həmin il bu kombinatın  əsasında Üzvi Məhsullar Zavodu təşkil edildi və mən 1969-cu ildə o zavodda 3 saylı polietilen istehsalat rəisinin müavini - istehsalatın baş texnoloqu vəzifəsinə təyin olundum və 1 il bu vəzifədə çalışdım. Əvvəllər işlədiyim epoksid qətranları sexində istehsal zəif olduğu üçün məni yenidən həmin sexə rəis vəzifəsinə təyin etdilər. Sözügedən sexdə biz istehsalı normal vəziyyətə gətirdikdən sonra 1971-ci ildə mənə həmin zavodun istehsalat-texniki şöbəsinin rəis müavini vəzifəsi təklif olunanda etiraz etmədim və 1 il həmin vəzifəni icra etdim. 1972-ci ilin əvvəllərində bu zavodda poliizobutelen sexini işə salmaq üçün məni o sexə rəis vəzifəsinə təyin etdilər və o vəzifədə ilin axırına kimi işlədim. Həmin ilin axırında isə mən bu zavodun mərkəzi laboratoriyasının rəis müavini vəzifəsinə təyin olundum və 1973-cü ilin sonuna kimi  bu vəzifədə çalışdım.

1973-cü ilin axırlarında mən Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda  baş mühəndis vəzifəsinə təyin olundum və 1975-ci ilin sonuna kimi bu vəzifədə işlədim. 1975-ci ilin sentyabr ayında məni Sumqayıt Üzvi Sintez Zavodunun texniki-istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin etdilər, 1 il sonra isə mən həmin zavodun baş mühəndisi  vəzifəsinə təyin olundum və bu vəzifədə 1981-ci ilin oktyabr ayına kimi çalışdım.

- Fikrət müəllim, tez-tez vəzifələrinizin dəyişilməsinin və  vəzifə pillələrində sürətlə irəliləyə çəkilməyinizin səbəbi nə idi?

- Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, hələ gənc yaşlarında əmək fəaliyyətinə başlayandan mənə tapşırılan işə çox məsuliyyətlə yanaşmışam və çalışmışam ki, həmişə vəzifəmin öhdəsindən vaxtında və layqincə gəlim.  Mütəxəssis kimi işə başlayanda mən bu keyfiyyətləri özümdə daha çox aşılamışam, biliyimi və savadımı daim artırmışam və həmişə mənə tapşırılan işə yaradıcı münasibət göstərmişəm. Yəqin ki, müxtəlif məsul vəzifələrə təyin olunanda rəhbərlik tərəfindən bütün bu keyfiyyətlər nəzərə alınıb.

- .... Nəhayət , 1981-ci ilin oktyabr ayında Sizi o vaxtkı SSRİ Kimya Sənayesi nazirinin əmri ilə Sumqayıt Kimya Sənaye İstehsalat Birliyinin direktoru vəzifəsinə təyin etdilər. Bu, necə baş verdi?

- Bildiyiniz kimi, SSRİ dövründə Sumqayıtda fəaliyyət göstərən zavodların əksəriyyəti SSRİ Kimya Sənayesi Nazirliyinə tabe idi. Moskvaya xidməti ezamiyyələrim vaxtı mən həmin nazirliyin məsul işçiləri ilə tez-tez görüşür, bizim problemlərimizlə bağlı məsələləri birgə müzakirə edib onları həll edirdik. Orada  məni yaxşı tanıyırdılar,  bir mütəxəssis və məsul şəxs kimi mənə hörmət edirdilər, təklif və rəylərim həmin nazirlik tərəfindən həmişə müsbət qarşılanırdı.

O vaxtlar Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi, tez-tez Sumqayıta gəlirdi  və bizim zavodlarda olurdu. Ona görə də mənimlə və fəaliyyətimlə tanış idi. Sumqayıt Şəhər Partiya Komitəsi Sumqayıt Kimya Sənaye İstehsalat Birliyinin direktoru vəzifəsinə təyin olunmağımı məsləhət görmüşdü. Həmin vəzifəyə təyin olunmağım üçün mən mütləq Moskvaya gedib Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin müvafiq şöbəsindən və SSRİ Kimya Sənayesi Nazirliyinin aidiyyatı şöbələrindən müsahibələrdən keçməliydim. Mən elə də etdim və Moskvaya gedib həmin prosedurlardan keçdim. Mənim bu vəzifəyə namizədliyim həm də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro iclasında müzakirə olunmalıydı. Həmin  büro  iclası 1981-ci ilin oktyabr ayında keçirildi və bu iclası Ulu Öndərimiz Heydər Əliyev  apardı. İclasda büro üzvləri mənim namizədliyimin təsdiq olunması barədə müsbət qərar qəbul etdi. Beləliklə, mən 1981-ci ilin oktyabr ayında əvvəlcə Sumqayıt Kimya Sənaye İstehsalat Birliyinin direktoru vəzifəsinə, 1988-ci ildə isə Baş direktoru vəzifəsinə təyin olundum və bu vəzifədə 1992-ci ilin payızına kimi işlədim.

 1992-ci ilin payızında “Azərkimya” Dövlət Şirkəti yaradıldı, mən həmin şirkətin Prezidenti vəzifəsinə təyin olundum və bu vəzifədə 2005-ci ilin payızına qədər - pensiyaya çıxana kimi işlədim.

- İstər mütəxəssis, istərsə də məsul vəzifələrdə işlədiyiniz bu müddət ərzində hansı nailiyyətlərə nail oldunuz və hansı yeniliklərə imza atdınız?

- Tale elə gətirib ki, işlədiyim bu müddət ərzində o vaxtkı SSRİ məkanında kimya sənayesi sahəsində bir çox yeniliklərin və nailiyyətlərin ilk müəlliflərindən və iştirakçılarından biri olmaq mənə nəsib olmuşdur. Belə ki, 1965-1968-ci illərdə  o vaxtkı SSRİ-də birinci olaraq epoksid qətranları istehsal edilən sexin tikilib işə salınmasına və fəaliyyətinə rəhbərlik etmişəm. Yenə də SSRİ-də ilk dəfə olaraq 1968-1970-ci illərdə epi-xlorhidirin istehsalı kompleksinin işə salınıb mənimsənilməsində bilavasitə iştirak və ona rəhbərlik etmişəm. Eləcə də yenə SSRİ-də birinci olaraq 1972-1973-cü illərdə sürtkü yağlarına əlavə edilən poliizobutilen məhsulunun istehsalı kompleksinin işə salınmasına və tam mənimsənilməsinə rəhbərlik etmişəm. 1973-1975-ci illərdə məşhur Sumqayıt Məişət Kimyası Zavodunun tam layihə gücünə çatdırılmasında və istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsində bilavasitə iştirak etmiş və bu işlərə rəhbərlik etmişəm. Bundan başqa yenə də SSRİ-də ilk dəfə olaraq 1975-1976-cı illərdə Sumqayıt Üzvi Sintez İstehsalat Birliyində sadə poliefirlər maddəsinin istehsal edən sexin işə salınmasında və tam layihə gücünə çatdırılmasında bilavasitə iştirak etmişəm və bu işə rəhbərlik etmişəm. 

Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, SSRİ dövründə kimya sənayesində çox böyük ehtiyac duyulan benzol maddəsinin istehsalının yüksəldilməsi işində böyük xidmətlərimizə görə mənə və bir qrup mütəxəssisə 1980-ci ildə Azərbaycan SSR-nin Dövlət mükafatı verilmişdir.

1980-1983-cü illərdə o vaxt SSRİ-də çox böyük ehtiyac duyulan xlor və qələvi istehsalı üçün müvafiq kompleksin tikilib istifadəyə verilməsində də bilavasitə iştirak etmişəm və bu işə rəhbərlik etmişəm. 1980-1984-cü illərdə 100%-lik alkilbenzol istehsal kompleksinin tikilib istifadəyə verilməsinə də mən rəhbərlik etmişəm. 1983-1984-cü illərdə o vaxtlar SSRİ-də kauçuk istehsalında əsas xammallardan biri hesab olunan və Sumqayıt Kauçuk Zavoduna kənardan alınıb gətirilən butadienin istehsalının başlanılmasına və bu işin tam istehsal gücünə çatdırılmasına bilavasitə rəhbərlik etmişəm.

1981-1985-ci illərdə rəhbərlik etdiyim İstehsalat Birliyində SSRİ-də o vaxt istehsal olunan yuyucu maddələrin istehsalında əsas xammallardan biri olan  sulfonol maddəsinin istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə bilavasitə rəhbərlik etmişəm. Yeri gəlmişkən onu da qeyd edim ki, o vaxtlar SSRİ-də tələb olunan sulfonolun 96 faizini Sumqayıt Kimya Sənaye İstehsalat Birliyi istehsal edirdi. 1983-1985-ci illərdə isə o zaman SSRİ-də çox böyük ehtiyac duyulan aliminium-xloridin Sumqayıtda istehsalının yenidən qurulmasına və istehsalına rəhbərlik etmişəm.

-Yəqin ki, belə möhtəşəm işləri yerinə yetirəndən sonra Sizin rəhbəri olduğunuz İstehsalat Birliyinin gəlirləri də xeyli artmış olmalı idi. Bəs əldə olunan həmin gəlirlər hansı sahələrə yönəldilirdi?

- O vaxtlar əldə etdiyimiz gəlirlərin xeyli hissəsi təbii ki, əməkdaşlarımızın sosial və məişət problemlərinin həllinə və istehsalın genişləndirilməsinə sərf olunurdu. Bundan başqa həmin gəlirlərin hesabına Sumqayıt şəhərində bir sıra mədəniyyət və digər obyektlər tikildi:  kimyaçıların mədəniyyət sarayı, şəhərin mərkəzi məscidi, 10-dan çox xeyir-şər evləri tikilib şəhər əhalisinin istifadəsinə verilmişdir. Eləcə də şəhərdəki bir çox digər tikililəri buna misal göstərmək olar. Bundan başqa Bakı Dövlət Konservatoriyası rektorunun müraciətinə əsasən onlar üçün çox qiymətli royal, həmçinin keçmiş Azərbaycan Respublikasının Ali Soveti rəhbərliyinin müraciətinə əsasən deputatlara səsvermə sisteminin alınması üçün bizim tərəfimizdən vəsait ayrıldı. Sonra isə Respublika Onkoloji Mərkəzinin rəhbərliyinin mənə şəxsi müraciəti əsasında Mərkəz çox lazımlı və qiymətli  xaricdə istehsal olunan avadanlıq alınmışdır.  Bizə  o vaxtlar müraciət edən çoxlu sayda alimlərə, ziyalılara, eləcə də sadə insanlara tərəfimizdən xeyli miqdarda maddi dəstək göstərilmişdir.

- Bəs Sizin bu fəaliyyətiniz və əməyiniz necə qiymətləndirilib? 

-  Əməyim və fəaliyyətim dövlət tərəfindən lazımınca qiymətləndirilib. Belə ki, yuxarıda qeyd etdiyim kimi mənə və bir qrup mütəxəssisə 1980-ci ildə  Azərbaycan SSR-nin Dövət mükafatı verilmişdir. 1986-cı ildə isə mən “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişəm. 1989 və 1990-cı illərdə mən iki dəfə “SSRİ-nin Fəxri kimyaçısı” adını almışam. Sumqayıtdakı “EP-300” zavodunun yenidən qurulması və bərpası işində göstərdiyim xidmətlərimə görə isə 1993-cü ildə mənə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı verilmişdir.

Bundan başqa müxtəlif illərdə mən xeyli sayda fəxri fərmanlarla, diplomlarla təltif olunmuşam və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışam.

- Siz həm də Azərbaycan Respublikasının Ali Sovetinin və Milli Məclisin keçmiş deputatı olmusunuz...

- Bəli, mən 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin keçmiş deputatı, 1995-2000 və 2000-2005-ci illərdə iki çağırış Milli Məclisin deputatı olmuşam. O vaxtkı Ali Sovetin deputatı olanda bir çox qanunların qəbul edilməsində fəal iştirak etmişəm, iki çağırış Milli Məclisin deputatı olanda isə İntizam Komissiyasına rəhbərlik etmişəm. Mən deputat olan vaxt hər həftə seçicilərimlə görüş keçirmişəm və öz səlahiyyətlərim çərçivəsində problemlərinin həllinə dəstək göstərmişəm.

- Fikrət müəllim, Siz texnika elmləri doktoru, professorsunuz və həm də uzun illər elmi fəaliyyətlə məşğul olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

- Mən 1988-ci ildə Moskva şəhərində namizədlik dissertasiya işimi müdafiə edərək “texnika elmləri namizədi” alimlik dərəcəsi adını almışam. 1995-ci ildə yenə də mən Moskvada doktorluq dissertasiya işimi uğurla müdafiə edib Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının 14 iyul 1995-ci il tarixli Qərarına əsasən  “texnika elmləri doktoru” alimlik dərəcəsi adına layiq görülmüşəm. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 may 1997-ci il tarixli Qərarına əsasən  təkrar attestasiyadan keçdiyimə görə mənə yenidən “texnika elmləri doktoru” alimlik dərəcəsi adı verilmişdir. 21 may 2004-cü il tarixdə isə yenə də həmin komissiya tərəfindən mənə “professor” elmi adı verilmişdir. 2009-cu ildən 2025-ci ilədək mən AMEA-nın M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda (hazırda bu institut Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu adlanır) qrup rəhbəri və laboratoriya müdiri vəzifələrində işləmişəm. Respublikada və xarici ölkələrdə özümün və həmmüəlliflərlə birgə çap olunmuş 120 elmi işimiz  və 9 tədris və metodiki işimiz vardır.  Bundan başqa mən həmmüəliflərlə birgə 87 müəlliflik şəhadətnaməsi və patent almışıq.

- Yəqin ki, Sizin həyatda yaxın dostlarınız olub və indi də var?!

- Mən həyatda kinorejissor Eldar Quliyevlə, xalq artisti Həsənağa Turabovla, akademiklər Musa Rüstəmovla, Toğrul Şahtaxtinski ilə və Ayar Əfəndiyevlə yaxın dost olmuşuq. Ona görə “olmuşuq” deyirəm ki, onlar artıq bu dünyadan köçüblər və haqq dünyasındadırlar. Hazırda isə mən teatrşünas İlham Rəhimli ilə dostluq edirəm.

- Siz hazırda pensiyadasınız və həm də yəqin ki, yaradıcı əməklə də məşğul olursunuz...

- Hazırda memuar yazıram və Azərbaycan kimya sənayesinin tarixinə, inkişaf mərhələlərinə, bugünkü vəziyyətinə və perspektivlərinə dair monoqrafiya üzərində işləyirəm. İnşallah yaxın zamanlarda onları tamamlayıb nəşr etdirmək istəyirəm.

- Fikrət müəllim, Sizi geniş oxucu kütləsi və öz adımdan 85 illik yübileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!

- Çox sağ olun!

Söhbətləşdi:

Yasin Azərtürk

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr