İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov Azərbaycan xarici ticarət saldosunda son illər müşahidə edilən mənfi tendensiyalarla bağlı QHT.az-a açıqlama verib.
Professor bildirib ki, Azərbaycan üçün idxalın ixracı üstələməsi qeyri-adi haldır:
"Təbii ki, Azərbaycan üçün bu, ənənəvi hal deyil ki, idxal ixracı üstələyir. Uzun illər ərzində belə bir ənənə mövcud idi ki, Azərbaycanda xarici ticarətdə müsbət saldo olurdu, yəni ixrac idxalı üstələyir və özü də xeyli dərəcədə üstələyirdi. Hazırda müşahidə olunan bu rəqəmlər və göstəricilər şübhəsiz ki, geniş şəkildə təhlil edilməli və müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır. Çünki uzun müddət ərzində idxalın ixracı üstələməsi bir sıra makroiqtisadi problemlərə səbəb ola bilər."
Elşad Məmmədov kapital hərəkəti ilə bağlı mövcud problemləri də vurğulayaraq qeyd edib ki, əvvəlki illərdə xarici ticarətdəki müsbət saldo bu çətinlikləri müəyyən qədər kompensasiya edirdi:
"Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, kapital hərəkəti ilə bağlı müəyyən çətinliklər mövcuddur və xarici ticarətdəki müsbət saldo həmin problemləri xeyli dərəcədə kompensasiya edirdi. İndi isə, xarici ticarətdə də mənfi saldo müşahidə olunduqda, bu, makroiqtisadi gündəmdəki problemlərin dərinləşməsinə səbəb ola bilər. Buna görə də yerli istehsalın stimullaşdırılması, ixrac strukturunun şaxələndirilməsi, idxalın əvəz olunması kimi tədbirlərin həyata keçirilməsi, məncə, zəruridir."
Pərvanə Fərhadqızı
QHT.az