2026-cı ilin sonunadək Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır
Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən dərhal sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən, milli dirçəlişin və tarixi ədalətin bərpasının rəmzinə çevrilən Böyük Qayıdış uğurla davam edir.
Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Qarabağın və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Ekspertlərin qeyd etdikləri kimi, Dövlət Proqramının əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub.
Düşmən əsarətindən azad edilmiş ərazilərə əhalinin qayıdışını təmin etmək üçün bu ərazilərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun-digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bütün bunların sayəsində vətəndaşlarımız öz yurdlarına, yeni evlərinə köçürülür.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin, kənd və qəsəbələrin bütün infrastrukturu-su, kanalizasiya xətləri, elektrik enerjisi sistemi, yollar yenidən qurulur. Dövlət başçısının tapşırığının icrası ilə gündən-günə sürətlənən bərpa-quruculuq işlərinin sayəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşurlar. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızın müxtəlif ərazilərindəki yataqxanalarda, sanatoriyalarda, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları davamlı olaraq ata-baba yurdlarına yola salınırlar.
Azərbaycan dövləti öz gücü ilə Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb.
Böyük sevinc hissi ilə deyə bilərik 2026-cı ilin sonunadək Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, bugünədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə - yəni 811 nəfər köç edib. Ümumilikdə Xocalıda 1152 nəfər məskunlaşıb. Təkcə Xocalıya deyil, Ağdərəyə də köç davam edir. Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə -238 nəfər, Suqovuşan kəndinə 180 ailə - 592 nəfər, Talış kəndinə isə 91 nəfərdən ibarət 20 ailə köçürülüb. Ümumilikdə hazırda Ağdərənin kəndlərində 921 nəfər məskunlaşıb. Bu proses isə mərhələli şəkildə davam edir. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi isə əsas istiqamətlərdən biri olaraq qalır. Qeyd edək ki, hazırda Böyük Qayıdış layihəsi uğurla həyata keçirilir. “Böyük Qayıdış” proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.
Bəli, artıq 5-ci ildir ki, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri uğurla davam edir. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir.
Bu gün xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əzmi, qətiyyəti ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır, demək olar ki, yeni tarix yazır. İşğaldan azad edilmiş ərazilərdə uğurla davam etdirilən bərpa-quruculuq işləri Böyük Qayıdışı sürətləndirir. Əminliklə demək olar ki, Böyük Qayıdış bundan sonra daha sürətlə həyata keçiriləcək, soydaşlarımız böyük sevinc hissi ilə öz doğma yurdlarına qayıdacaqlar.
Zahid Rza, “İki sahil”