AZ

ABŞ hərbi gəmisində ikinci təyyarə qəzası

BAKI, TurkicWorld

ABŞ-ı sarsıdan ikinci aviaqəza - F/A-18 təyyarəsi dənizə düşüb.

TurkicWorld xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Harry S. Truman” təyyarədaşıyan gəmisindən havaya qalxan növbəti F/A-18 Super Hornet qırıcısı Qırmızı dəniz üzərində qəzaya uğrayaraq dənizə düşüb.

Bu, bir həftə ərzində qeydə alınan ikinci belə hadisədir.

CNN-in mənbələrinə istinadən verilən məlumata görə, təyyarənin enişi zamanı kabeldə yaranan texniki nasazlıq qəzanın əsas səbəbi kimi göstərilir. Təhlükənin artması səbəbilə pilot və silah sistemləri operatoru təyyarədən katapultla çıxarılıb və xilasedici helikopter vasitəsilə xilas olunub. Təyyarənin özü isə hələlik tapılmayıb. Hadisənin ABŞ-a maliyyə baxımından təqribən 60 milyon dollarlıq zərər vurduğu bildirilir.

Bundan əlavə, bəzi mənbələr qəza ərəfəsində İranın dəstəklədiyi husilərin Truman gəmisinə qarşı “hücum cəhdi” göstərdiyini iddia edir. Hücumun çərşənbə axşamı baş verdiyi və gəminin bu təhlükədən yayınmaq üçün manevr etdiyi, nəticədə isə başqa bir təyyarənin ötən həftə dənizə düşdüyü bildirilir.

Qeyd edək ki, bu iki hadisənin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik rəsmi şəkildə təsdiqlənməyib. ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri və Mərkəzi Komandanlıqdan (CENTCOM) araşdırmalarla bağlı izahat tələb edib.

Seçilən
0
turkic.world

1Mənbələr