Almaniya Fransa ilə üz-üzə gələcək?
Almaniyada yeni koalisiya hökumət qurulur - belə ki, fevralın 23-də keçirilmiş növbədənkənar parlament seçkilərinin qalibi Xristian Birlik Blokunda yer alan sağ-mərkəzçi partiyalar - Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqı (CSU) ilə sol-mərkəzçi Sosial Demokrat Partiyası arasında yeni hökumətin formalaşdırılması ilə bağlı koalisiya müqaviləsi imzalanıb. Almaniya KİV-lərinin məlumatında qeyd olunur ki, “Almaniya üçün məsuliyyət” adlı 144 səhifəlik koalisiya müqaviləsini CDU-nun lideri Fridrix Merts, CSU-nun sədri Markus Söder və SPD-nin həmsədrləri Lars Klinqbayl ilə Saskia Eksen imzalayıblar. Qeyd edək ki, bu, Almaniya tarixində sağ-mərkəzçilər və sol-mərkəzçilərdən ibarət beşinci koalisiya hökumət olacaq. İmzalanma mərasimində Fridrix Merts bəyan edib ki, yeni koalisiyanın hakimiyyəti dövründə Almaniyada mühüm iqtisadi-sosial islahatlar həyata keçiriləcək və Almaniya Avropa İttifaqına əvvəlkindən daha çox töfhə verəcək. Mərasimdə CSU-nun sədri Markus Söder və SPD-nin həmsdəri Lars Klinqbayl da çıxış ediblər. Xatırladaq ki, bu il fevralın 23-də Almaniyada keçirilən Bundestaq seçkilərində Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) bloku 28,6 faiz səs toplayaraq qalib gəlib. Ultra-sağçı Almaniya üçün Alternativ partiyası (AfD) 2021-ci il seçkiləri ilə müqayisədə səs payını iki dəfə artıraraq 20,8 faiz səs toplayıb. Demək olar ki, AfD Bundestaqda ikinci böyük partiyaya çevrilib. Sol təmayüllü partiyalar - Sosial Demokrat Partiyası 16,4 faiz, Yaşıllar 11,6 faiz və Sol Partiya 8,8 faiz səs toplayaraq üçüncü, dördüncü və beşinci yerdə qərarlaşıblar.
I seçki: Mertsə zərbə...
Mayın 6-da Bundestaqda baş tutan səsvermə zamanı Fridrix Merts Almaniyanın növbəti kansleri olmaq üçün tələb olunan səsi toplaya bilməyib. Almaniya qanunvericiliyinə görə, ölkənin kansleri olmaq üçün Bundestaqın 630 üzvündən 316 -sının səsini toplamaq tələb olunur. Merts isə 310 nəfərin etimadını qazanıb. Altı nəfərin səsinin çatmaması Mertsə kansler olmağa imkan verməyib. Maraqlısı budur ki, CDU/CSU-nun və SPD-nin koalisiya hökuməti Bundestaqda 328 mandata sahibdir. “Deutsche Welle” agentliyinin məlumatına görə, Bundestaqda növbəti səsvermə 14 gündən sonra keçiriləcəkdi...
Birinci turdakı məğlubiyyətdən sonra partiyaların parlament fraksiyaları arasında aparılan məsləhətləşmələr nəticəsində ikinci turun da həmin gün (dünən-red.) keçirilməsi qərara alınmışdı.
F.Mertsin Kansler seçilməsi üçün parlamentin 630 deputatından 316-sının səsi tələb olunduğu halda onun lehinə 325 deputat səs verib.
Bundestaq seçkisindən və uğurlu koalisiya danışıqlarından sonra təyin edilmiş Kanslerin parlamentdə səsvermənin birinci turunda uğursuzluğa düçar olması Almaniya tarixində ilk dəfə baş verir.
Almaniya Konstitusiyasının 63-cü maddəsinə əsasən, birinci turda Kansler lazımi səs çoxluğunu toplaya bilmədikdə iki həftə ərzində səsvermənin ikinci turu keçirilməlidir. Bu seçkilərdə də deputatlardan yarıdan çoxunun səsi lazımdır. Zəruri hallarda digər şəxsin namizədliyi irəli sürülə bilər. Əgər həmin vaxt da tələb olunan çoxluq əldə olunmasa, üçüncü tur keçirilir. Üçüncü turda Kanslerin seçilməsi üçün səsvermədə iştirak edən deputatların sadə səs çoxluğu kifayət edir.
Seçkilərdən sonra Kansler Fridrix Merts Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən rəsmən bu vəzifəyə təyin ediləcək və parlamentdə and içəcək. Sonra yeni kabinet təsdiqlənəcək və koalisiya hökuməti rəsmən fəaliyyətə başlayacaq.
Birinci turda Merts niyə qələbə qazana bilməmişdi?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Almaniyanın siyasi cəmiyyətində Mertsə münasibət birmənalı deyil. “Həm SPD, həm də öz partiyası - CDU daxilində onun siyasətinə qarşı ciddi narazılıq var. Xatırladım ki, mart ayında Bundestaqda “Borc Əyləci” qanunu ətrafında qızğın müzakirələr aparılırdı. CDU, SPD və Yaşıllar partiyasından olan deputatlar arasında bu qanuna dəyişikliklərlə bağlı fikir ayrılıqları var idi. Bu qanuna görə, gəlirlərdən əldə olunan borcun payı ÜDM-un 0,35 faizdən çox olmamalıdır. Merts bu rəqəmin dəyişdirilməsinə qəti etiraz edirdi və bəyan edirdi ki, o, buna imkan verməyəcək. Amma nəticə etibarı ilə bu rəqəmin dəyişilməsini nəzərdə tutan qanun səsvermədə təsdiqləndi. Bu da Mertsin nüfuzunu bir qədər sarsıtdı. Eyni zamanda SPD daxilində bir qrup şəxs, xüsusilə də gənc kəsim partiyanın CDU ilə koalisiyaya getməsini o qədər də xoş qarşılamayıblar. SPD-nin gənc kəsimi CDU-nun sərt miqrasiya siyasətinə qarşı çıxırlar. Bütün bunlar bu vəziyyətin yaranmasına gətirib çıxardı”.
Avropada nə baş verəcək?
S.Zahidovun sözlərinə görə, Mertsin kansler seçilməsi ilə Almaniyanın həm daxili, həm də xarici siyasətində, hətta Avropa İttifaqının daxilində ciddi proseslər baş verəcəyi gözlənilir. “Merts CDU/CSU ilə SPD arasında koalisiya hökumətin qurulması ilə bağlı sazişin imzalanma mərasimində bəyan edib ki, onun hakimiyyəti dövründə Almaniya daha da möhkəmlənəcək. O, Almaniyanın Aİ daxilində istər siyasi, istər iqtisadi, istərsə də hərbi-təhlükəsizlik cəhətdən nüfuzunun və əzəmətinin bərqərar olunması istiqamətində addımlar atacaq. Merts Almaniyanı Aİ-də söz sahibinə çevirmək niyyətindədir. Təbii ki, bu da Almaniyanı Fransa ilə üz-üzə gətirəcək”.
Miqrasiya siyasəti daha da sərtləşəcək
S.Zahidov vurğulayıb ki, CDU/CSU və SPD-nin koalisiya proqramında miqrasiya ilə bağlı sərt qanunlar əks olunub. “Merkelin hakimiyyəti dövründə CDU miqrasiyaya qarşı bu qədər sərt mövqe sərgiləmirdi. Mertsin CDU-su miqrasiya qanunlarını daha da sərtləşdirib. Birgə proqramda qeyd olunan miqrasiya qanunlarına görə, sərhədlərə nəzarət daha da gücləndirilməli, vətəndaşlıq almaq üçün üç illik müddət beş illik müddətlə əvəzlənməli, qeyri-qanuni miqrantlar dərhal deportasiya olunmalı və Almaniyadan sığınacaq istəyənlərin bir çoxu ölkə sərhədindən öz ölkəsinə qaytarılmalıdır. Xüsusilə qeyd edim ki, son zamanlar Almaniyada ultra-sağçıların böyük siyasi nüfuz sahibi olmaları sağ-mərkəzçi timsalında CDU-nu həmin qüvvələrin miqrasiya proqramının elementlərini qəbul etməyə məcbur edib. CDU öz seçicilərini itirmək istəmir”.
Yunis ABDULLAYEV