“Çelsi”nin 22 yaşlı ingilis yarımmüdafiəçisi Koul Palmer “zadəganlar”ın cari mövsümdə ən yaxşı oyunçusu haqda qənaətini açıqlayıb.
Arena.az Palmerin müvafiq qənaətini təqdim edir:
“Moyses Kaysedo – bu mövsümdə bizim ən yaxşı oyunçumuzdur. Onunla oynamaq – bir xəyaldır”, deyə Palmer vurğulayıb.
Xatırladaq ki, 23 yaşlı ekvadorlu dayaq yarımmüdafiəçisi Moyses Kaysedo cari mövsümdə “zadəganalar” üçün 41 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.
Moyses Kaysedo Ekvadorun “İndependyente del Valye” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında 28,2 milyon avro qarşılığında bu komandadan İngiltərənin “Brayton” klubuna keçib. Gənc futbolçu Premyer Liqa təmsilçisində ümumilikdə 53 matça çıxıb, 2 qol və 3 assistlə yadda qalıb. Kaysedo “Brayton”da olarkən qısa müddət (2021/2022 mövsümündə) Belçikanın “Beersxot” klubunda icarədə də olub.
“Çelsi” Moyses Kaysedonu 2023-cü ilin avqust ayında “Brayton”dan transfer edib. 23 yaşlı futbolçunun “zadəganlar”la 2031-ci ilin 30 iyununa kimi müqaviləsi var. “Zadəganlar”ın “qağayılar”a ödədiyi 116 milyon avroluq transfer məbləği İngiltərə futbolu üçün rekorddur. Bonuslarla bu məbləğin 133,5 milyon avroya çatması da mümkündür.
Kaysedo “Çelsi”nin heyətində bütövlükdə 89 oyuna çıxıb, 2 qol və 9 məhsuldar ötürmə müəllifi olub.
Kaysedo 2020-ci ilin oktyabrında debüt etdiyi Ekvador yığmasında 53 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.