AZ

Keçmişi indiyə çağırmaq

Marsel Prustun “İtkin zamanın sorağında” epopeyası haqqında

Əvvəli ötən sayımızda

Nəsrdə modernizmdən söhbət gedəndə ilk yada düşən imzalar Marsel Prust, Ceyms Coys, bir də Frans Kafka olur. Onların ardınca prosesə eyni ədəbi nəslə mənsub, sonralar hər biri dünya şöhrəti qazanacaq Virciniya Vulf, Tomas Mann, Herman Hesse, Robert Muzil, Herman Brox kimi yazıçılar da qoşulub. Ortada olan ədəbi məhsulları bir yana qoyub, əvvəlkindən köklü şəkildə fərqlənən yeni roman, yeni üslub yaratmağa göstərilən cəhdi əsas götürsək, onda yəqin Prustdan danışmağa birinci başlamalıyıq. Onun baş vurduğu söz dəryasından sağ-salamat üzüb çıxmaq həqiqətən ağlasığmaz ədəbi igidlik, onun çiyninə götürdüyü iş misilsiz ədəbi cəsarət örnəyidir. Bunu da nəzərə alsaq ki, Prust ta uşaqlığından əlacsız astma xəstəliyindən əziyyət çəkib, o səbəbdən dünyanın çox zövqü-səfasından özünü məhrum eləyib, bəzən günlər, həftələrcə qapalı məkandan başını çıxara bilməyib, üstəlik, təqribən 4000 səhifəlik nəhəng əsərini yazmağa da təxminən 40 yaşında başlayıb, onun çəkdiyi titanik zəhmətin miqyasını, sanbalını təsəvvürə gətirmək çətin olmaz.

Qəribədir ki, mühiti onun nəsə yazmalı olduğunu (bəlkə də nəsə yazmağa borclu olduğunu) xeyli əvvəldən bilirdi, kübar cəmiyyət, ədəbi camiə ondan yeni sənət möcüzəsi gözləyirdi, dost-tanışı tez-tez ondan yazmağa nə vaxt başlayacağını soruşurdu. Elə bil nə yazılacağını, necə yazılacağını yüz min il qabaqdan bilən ilahi qüvvə onların hamısını bəri başdan müjdələmişdi, qalırdı diz qatlayıb o kitabları yazıb gün üzünə çıxarmaq. Hələ dişə vurulası bir əsər yazmasa da, Prust öz mühitində ciddi yazıçı, sənət bilicisi kimi tanınırdı. Bəlkə Marsel özü də yer planetindəki missiyasını yerinə yetirməmiş ona zaval dəyməyəcəyini bildiyindən görəcəyi işi sabaha saxlamaqla fiziki ömrünü uzadırdı...

Ola da bilsin, qırx yaşına qədər roman onun içində yetişib yazılmaq həddinə çatmamışdı, çünki belə bir əsəri yazmaq üçün yetkin ömür yaşamalı, dolğun təcrübə qazanmalısan. Ancaq indikindən fərqli olaraq qırx yaş o vaxtlar qocalığın astanası sayılırdı, bir çox böyük sənətkar ya o yaşa çatmamış, ya da elə o yaşlarda canını fələyə təhvil vermişdi. Bütün bunlar göstərir ki, Berqsonun dediyi kimi, hər kəs öz zamanıyla, öz zamanında yaşayır, “müddəti” qurtaranda insan da bitir.

***

“İtkin zamanın sorağında” epopeyasını Berqsonun zaman konsepsiyasına illüstrasiya da saya bilərik. Müəllif özü də uzaq qohumunun fəlsəfi ideyalarından təsirlənib ruhlandığını danmır, hələ bəlkə binasını həmin bünövrə üstündə ucaltmaqdan qürurlanırdı (hərçənd qohumu onun yaratdığı ədəbi möcüzə haqqında elə bir gurultulu söz, tərif-filan söyləməmişdi). Düzdür, onu da deyirdi ki, əsərinin fəlsəfi platforması yalnız Berqsonun nəzəriyyəsiylə məhdudlaşmır - daha doğrusu budur ki, onun romanı həcmcə çox geniş olsa da, fəlsəfi-psixoloji konsepsiyası böyük filosofun təlimi qədər əhatəli, qollu-budaqlı deyil, Prustun yaradıcılığı Berqsonun yalnız zamanla bağlı müddəalarını, onu da qismən ifadə eləyir. Diqqət yetirsək, bunun gerçək olduğunu xüsusi idrak cihazlarıyla silahlanmamış gözlə də görə bilərik.

Prust Berqsonun zaman konsepsiyasından praktiki şəkildə yararlansa da, onun bütün ideyalarını bölüşmür. Prustun əsəri dərin psixoloji araşdırmalarla, zehni eksperimentlərlə zəngindir, ancaq Berqsondan fərqli olaraq o, qarşısına metafizik qatlara baş vurmaq məqsədi qoymayıb, insanın əbədi həyatla əlaqələrinə dair nəsə kəşf eləmək öhdəliyi götürməyib, onun belə bir həyatın varlığına inandığı da hiss olunmur, əbədiyyətə inam onun naturasına xas cəhət deyil. Özü də boynuna alırdı ki, təxəyyülünün qanadları uçmaq üçün yaramır. Onun fikrincə, təbiətə, həyata nəsə əlavə eləməyə, olmayan şeylər uydurmağa, romantik illüziyalara qapılmağa heç bir ehtiyac yoxdur, təbiət, həyat elə göründüyü şəkildə də maraqlıdır. Tale hər bir insana yetərincə dolğun, mənalı, sirli ömür bəxş eləyib, sənətkarın vəzifəsi təbiətlə insan arasında tərcüman olmaq, həyatın dərinliyində yatan lal həqiqətləri üzə çıxarıb onların dediklərini adam dilinə çevirməkdir. Prust diriliyi metafizik aləmdə axtarmır, yaşadığı anlara yalnız sənətin, yazının gücünə dirilik qazandırmağa çalışır. İncəsənət anı da, insanı da axan zamanın içindən qarmağa keçirib saxlamağın, ölümsüzləşdirməyin yeganə mümkün vasitəsidir. Prustun Berqson sayağı filosof, peyğəmbər olmağa həvəsi (yalnız həvəsimi?) yoxdur, onun məsləki, təyinatı psixoloq olmaq, məqamı şair məqamıdır.

***

Yazıya gənclik təəssüratımdan başladımsa, birini də deyim: aşağı-yuxarı iyirmi yaşlarımda məni nəsr yaradıcılığıyla bağlı ən çox düşündürən, xəyalıyla yatıb-durduğum məsələlərdən biri lirik janrla epik janrın ideal sintezinə nail olmaq, poetik nəsr etalonu yaratmaq idi (əslində, bu ənənənin bünövrəsi dastanlarda çoxdan qoyulub). Ruhsuz, cılız, quru nasiranə sintaktik vahidlər zövqümü oxşamırdı, sulu, şirəli, sanballı, dağ seli kimi guruldayan mürəkkəb cümlələr gözümə-qulağıma xoş gəlirdi. Onda hələ Prustun, Coysun üslubuna, cümləsinə yalnız qiyabi bələdçiliyim vardı, Tomas Mannı, Folkneri dərindən tanımırdım. Ona görə də yenicə “kəşf elədiyim” velosipedimlə onların keçdiyi yolda şütüməyə can atırdım, nəsrin artıq çoxdan üstündən adladığı mərhələni genetik ədəbi yaddaşımla yenidən bir yenilik kimi yaratmağı qafilcəsinə, sadəlövhcəsinə arzulayırdım. Az sonra Prustu tanıyanda sevindim ki, nə yaxşı vaxtında o işləri görüb, bizi əzab-əziyyətdən, gecikmiş novatorluq çabalarından qurtarıb. Həqiqətən o işin altına girmək böyük əzab-işgəncədir. Prustun “mənim əvəzimə” həyata keçirdiyi sintez ideal olmasa da, hər halda mükəmməldir.

Modernistlərin ilk nəsli dünya ədəbiyyatına yeni böyük təkan verdi, nəsrin poetikləşməsi, artıq elementlərdən arınıb budanması, hekayə, roman üslubunun təkmilləşdirilməsi, nəsrin damarlarına təkcə poeziya yox, traktat hormonlarının da yeridilməsi yolunda ciddi addımlar atıb cəsarətli işlər gördü. Sonra gələnlər bu ənənələri daha da irəlilətdilər, forma-üslub axtarışlarını bir az da inkişaf elətdilər, modernist qəlibləri yeni məzmunla doldurdular. Proses, çox güman, hələ də başa çatmayıb...

Tomas Mann Prustun silsiləsini “subyektiv epopeya” adlandırmışdı. Gerçəkdən çox dəqiq təsbitdir. Yeddi cildlik romanda baş verən hadisələr bir yığcam povestə sığacaq qədər azdır. Burada hər şey təhkiyəçi baş qəhrəmanın dilindən danışılır, həyata, insanlara, konkret personajlara, saysız-hesabsız detallara onun gözündən, pəncərəsindən baxılır. O qəhrəmanın soyadını bilməsək də, adı Marseldir. Əlbəttə, müəllifin ona öz adını verməsi təsadüf sayıla bilməz. Əsər avtobioqrafik elementlərlə ağzınacan doludur, bununla belə, qəhrəmanı müəlliflə eyniləşdirmək olmaz, yəni “İtkin zamanın sorağında” avtobioqrafik romanlar silsiləsi deyil. Müəllifin müşahidə kamerası qəhrəmanın beyninə yerləşdirilsə də, hamıya, hər şeyə onun gözüylə baxılsa da, müəllifi əvəz eləmək ona etibar olunsa da, yazıçı öz qəhrəmanına heç də bütün həyatını, ömrünün bütün sirlərini, nə də bütün səlahiyyətini təhvil verməyib. Avtobioqrafik romanda müəlliflə baş personaj arasından sərhəd götürülür, Prustun romanı isə avtobioqrafik detallarla zəngin olsa da, məhz bədii əsərdir, müəllif hətta həyatıyla bağlı bəzi faktları, situasiyaları, eləcə də onlara bağlı yaşantıları burada fərqli şəkildə, sublimativ qaydada, bir az da açıq desəm, obrazların cinsini dəyişməklə təqdim eləyib. Hər halda onun bioqrafları belə deyirlər. Bir çox halda yer, adam adları da şərtidir.

***

“İtkin zamanın sorağında” romanını əvvəldən axıracan oxuyub başa vurmaq oxucudan həm böyük təmkin, hünər, həm də incə zövq istəyir. Əsər baş qəhrəmanın uşaqlıq xatirələriylə başlayıb, yeniyetməlik, gənclik sərgüzəştləriylə davam eləyib (əlbəttə, bu “sərgüzəşt” dediklərimiz əsasən onun içində, yaddaşında baş verən assosiativ epizodlardır), itkilərdən, xəstəlikdən üzülmüş, əzablardan yorulmuş yetkin, düşkün çağlarında sona çatır. Burada bir çay süfrəsinin, bir məclisin, ya balın mənzərəsi, bir otağın içindəki əşyaların düzülüşü, çayda isladılmış bir peçenyenin damaqdakı dadından diksinib oyanan duyğuların tarixçəsi on səhifələrlə, bəzən hətta yüz səhifədən artıq təsvir oluna bilər. Maraqlı burasıdır ki, roman oxunduqca həm də oxucunun gözü qarşısında, onun iştirakıyla yazılır, sanki bu oxunan da roman deyil, qəhrəmanın, ya müəllifin yazmaq istədiyi əsər haqqında danışdıqlarıdır. Baş qəhrəman Marsel bu romanı yazmağı qərara alanda müəllif Marsel həmin romanı bitirir, çevrə qapanır. Bu, avtobioqrafik əsərə xas texnikadır. Əslində, ondan sonra romanı yenidən, lap başdan bir də oxumalısan, müəllif Marselin romanını oxuyub bitirəndən sonra təhkiyəçi Marselin yazmağa başladığı romanı onunla sinxron şəkildə oxumağa başlamalısan, bu səfər müəllifin yox, təhkiyəçinin söylədiklərini dinləməlisən. Düzgün oxunuş məhz belə olmalıdır.

Yenə deyirəm, biz romanı oxuduqca həm personaj Marselin xatirələrinin detallarını, duyğularının yerli-yataqlı təsvirlərini, bu romanı yazana qədər yaşadığı ömrün təfərrüatını izləyirik, həm də müəllif Marselin yazı prosesinə şahidlik eləyirik. Romanın yazılması romanda baş verənlərin yaşanmasından sonrakı dövrə düşür, ancaq müəllif pesonajına romanda yazılanları yenidən yaşatmaqla keçmişi indiyə çağırır, eyni zamanda gələcəyi də həmin məqamda qarşılayır, bununla da keçmişlə gələcək indiki zamanda, yəni yaradıcılıq prosesində qovuşub birləşir. Romanın yazılmağa başlanmasından başa çatmasına (müəllifin ölümünə) qədərki onillik dövr əsərin qələmə alınmasından əvvəlki qırxillik dövranın təəssüratlarıyla doldurulur, o zamana təzə, yad gələcəyin müdaxiləsinə yol verilmir, kitabın qapıları müəllifin öz qapısı kimi yeni xatirələrin, yeni duyğuların, yaşantıların üzünə bağlanır, qarşıda açılan gələcək başdan-başa keçmişin xalçasıyla örtülüb görünməz olur.

Marsel Prust belə bir ədəbi texnikayla özünə əbədiyyət yaradır. O, qəhrəmanı Marselin subyektiv zamanını Anri Berqsonun “müddət”i kimi abstraksiya səviyyəsinə qaldırıb ona fövqəltəbii çalar yaxmır, metafizik rəng vermir, tam tərsinə, Berqsonun əbədi zamanını mücərrədlik taxtından endirib ona maddi aləmdə, fani dünyada dirilik vəsiqəsi verir. Prusta görə, kainatda daimi heç nə yoxdur, həyat da gördüyümüzdən artıq bir nəsnə deyil. Yalnız incəsənət nəyəsə, kiməsə yaşarılıq qazandıra bilər. Qalıcılıq sözə, sənətə xasdır, qalan hər şey ölücüdür. Berqsonun axtardığı diriliyi, əbədiyyəti də həyat selinə dalmaqla, uzandıqca uzanan zamanın ətəyindən sallaşmaqla yox, bir romanın səhifələrinə köçürməklə qazanmaq olar. Silsilənin sonuncu romanı belə də adlanır: “Qazanılmış zaman”, yaxud da: “Əldə olunmuş zaman”. Bəlkə belə daha dəqiqdir: “Geri alınmış zaman”.

F.Uğurlu

Davamı növbəti sayımızda

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr