AZ

Qlobal güc paritetinin dəyişən koordinatları

Posttransatlantik münasibətlər müstəvisində baxış

(II MƏQALƏ)

XXI əsrin geosiyasi mənzərəsi dəyişdikcə ənənəvi ittifaqlar da öz mahiyyətini itirməkdədir. “Posttransatlantik dövr” –yalnız ABŞ və Avropa arasında deyil, həm də Qərbin öz daxilində yaranan strateji çatların, maraq fərqlərinin və güvən böhranının adıdır; çoxqütblü dünyanın konturları məhz bu çatların arasından görünür.

Müasir beynəlxalq münasibətlərdə "posttransatlantik dövr" anlayışı getdikcə daha çox aktuallıq qazanmaqdadır. Bu anlayışla nəzərdə tutulan əsas məqam İkinci dünya müharibəsindən sonrakı onilliklərdə qlobal sistemin təməl dayaqlarından birini təşkil edən ABŞ – Avropa strateji ittifaqının artıq əvvəlki qədər möhkəm, yekdil və koordinasiyalı olmamasıdır. Başqa sözlə, bu mərhələ Transatlantik münasibətlərin təkamülündə yeni bir mərhələnin başlanğıcını, çoxqütblü dünyanın konturlarının daha da dəqiqləşdiyi bir konteksti əks etdirir. Qlobal nizamda Çin, Hindistan, Rusiya, həmçinin regional güclərin yüksəlişi, beynəlxalq hüquq və institutların zəifləməsi və qlobal çağırışların mürəkkəbləşməsi fonunda ABŞ və Avropa arasındakı münasibətlər getdikcə daha çox daxili ziddiyyətlər, strateji fərqliliklər və qarşılıqlı etimadsızlıqla müşayiət olunur.

Posttransatlantik dövrün təşəkkül tapmasında bir sıra faktorlar mühüm rol oynayır ki, bunlardan ən birincisi ABŞ-ın xarici siyasətindəki prioritet dəyişikliklərdir. Son iki onillikdə ABŞ-ın strateji diqqəti və resursları tədricən Avropadan Asiya – Sakit Okean regionuna yönəlmişdir. “Asiyaya yönəlmə” adı ilə tanınan bu geosiyasi yönləndirmə əsasən Çinlə rəqabətin idarə olunması, regional təhlükəsizlik balansının saxlanılması və ticarət marşrutlarına nəzarətin təmin olunması məqsədini güdür. Bu yanaşma nəticəsində Avropanın ABŞ üçün əvvəlki kimi birinci dərəcəli strateji prioritet olmaması Transatlantik münasibətlərdə soyuqluğun artmasına səbəb olmuşdur.

“Asiyaya yönəlmə” — bu, ABŞ-ın yeni əsrin geopolitik reallıqlarına uyğun olaraq formalaşdırdığı strateji sıçrayışıdır. İlk dəfə 2011-ci ildə Hillari Klintonun “Amerikanın Sakit okean əsri” məqaləsində səslənən bu ideya Obama administrasiyası dönəmində ABŞ-ın diqqətini tədricən Avropadan Asiya – Sakit okean regionuna yönəldilməsi ilə reallığa çevrildi. Nəticədə Vaşinqton ticarət marşrutlarını, hərbi bazalarını və diplomatik resurslarını bu yüksələn bazar və rəqabət meydanında gücləndirməyə başladı.

Realist yanaşmaya əsasən, beynəlxalq münasibətlər anarxik sistemdə güc balansı üzərində qurulduğundan, hegemon dövlətlər potensial rəqiblərinin artan gücünü nəzarət altına almağa çalışır. Bu baxımdan Çin Xalq Respublikasının iqtisadi, texnoloji və hərbi potensialının sürətli artımı ABŞ üçün struktur səviyyəsində bir çağırış kimi qiymətləndirilir. Neo-realizmin “güc keçidi” nəzəriyyəsinə görə isə hegemon güc və yüksələn güc arasında ziddiyyət qaçılmazdır. Bu baxımdan, “Asiyaya yönəlmə” strategiyası Çinlə rəqabəti sistemli şəkildə idarə etməyə yönəlmiş qabaqlayıcı addım kimi qəbul edilir.

Strategiyanın əsas məqsədləri sırasına ilk olaraq qeyd edə bilərik ki, ÇXR Cənubi Çin dənizində hərbi gücünü artıraraq qonşu ölkələrlə ərazi iddialarını genişləndirir və bu, bölgədə təhlükəsizlik balansını pozur. ABŞ bu balansı bərpa etmək üçün Yaponiyadan Avstraliyaya qədər uzanan müttəfiq şəbəkəsini gücləndirməyə çalışır. İkincisi, ABŞ öz hərbi mövcudluğunu Sakit okean hövzəsində artırmaqla Çinlə mümkün toqquşma risklərini minimuma endirmək və bölgədəki müttəfiqlərinə təhlükəsizlik zəmanəti vermək istəyir. Bununla yanaşı, ABŞ Trans-Sakit okean Tərəfdaşlığı kimi iqtisadi təşəbbüslərlə bölgədə Çinə alternativ liderlik modeli yaratmağa çalışmışdır. Hərçənd Donald Tramp Administrasiyası bu tərəfdaşlıqdan çıxdı, strateji məqsəd – Çinlə ticarət üstünlüyü uğrunda rəqabət isə aktuallığını saxladı.

Bu strateji yönləndirmənin Avropa ilə münasibətlərə təsiri isə çoxsəviyyəlidir. Əvvəla, Avropa İttifaqı (Aİ) və ümumən Avropa qitəsi uzun onilliklər ərzində ABŞ-ın xarici siyasətində prioritet mövqe tutmuşdur. Transatlantik münasibətlər təkcə NATO çərçivəsindəki təhlükəsizlik müttəfiqliyinə deyil, həm də liberal beynəlxalq nizamın dayaqlarına söykənirdi: demokratiya, insan hüquqları, açıq iqtisadiyyat və beynəlxalq hüququn aliliyi. Lakin “Asiyaya yönəlmə” bu münasibətlər sistemində nisbətən “soyuqlaşma“ yaradaraq Avropanı ABŞ-ın strateji diqqətindən kənarda qoymuşdur.

Bu amil Avropada müəyyən səviyyədə strateji narahatlıq yaratdı. Avropalı liderlər, xüsusən də Fransa prezidenti Emmanuel Makron bu vəziyyəti “strateji yetkinlik” və “müstəqillik” çağırışları ilə cavablandırmağa başladı. “Avropa ordusu” ideyasının gündəmə gəlməsi, “strateji muxtariyyət” konsepsiyasının irəli sürülməsi və enerji sahəsində alternativ tərəfdaşlarla əməkdaşlıq bu kontekstdə dəyərləndirilə bilər.

Nəzəri baxımdan liberal institusionalistlər bu vəziyyəti Transatlantik əməkdaşlığın zəifləməsi və liberal beynəlxalq nizamın təməl prinsiplərinin eroziyası kimi qiymətləndirirlər. Onların fikrincə, ABŞ-ın Asiyaya yönəlməsi təkcə güc balansına deyil, həm də beynəlxalq əməkdaşlıq rejimlərinə zərbə vurur. Transatlantik münasibətlərdəki bu nisbi "boşluq" Avropanı daha çevik, bəzən isə daha praqmatik xarici siyasət yürütməyə sövq edir ki, bu da öz növbəsində Transatlantik koordinasiyanı zəiflədir və çoxqütblü bir düzənin təşəkkül tapmasına şərait yaradır.

Nəticə etibarilə, “Asiyaya yönəlmə” strategiyası təkcə ABŞ-ın geosiyasi prioritetlərinin dəyişməsini ifadə etmir. O, həm də qlobal güc strukturunda çoxqütblü nizamın təşəkkül tapmasına təkan verir və Transatlantik münasibətləri yeni reallıqlara uyğunlaşmağa məcbur edir. Bu reallıqda Avropa İttifaqı enerji təhlükəsizliyi, müdafiə strategiyası və beynəlxalq ticarət məsələlərində daha çox muxtariyyət və suveren qərarvermə qabiliyyəti qazanmağa çalışır.

Prosesin ən radikal təzahürlərindən biri isə 2016–2020-ci illərdə ABŞ-da Donald Tramp Administrasiyası dövründə müşahidə olundu. Trampın “Amerika Birinci” doktrinası beynəlxalq institutlara qarşı skeptik yanaşması, çoxtərəfli diplomatiyaya olan etinasızlığı və xüsusən NATO-ya qarşı sərt tənqidləri Transatlantik münasibətlərdə ciddi sarsıntılar yaratdı. Trampın NATO-nun “köhnəlmiş” olduğunu bildirməsi, Avropa ölkələrinin müdafiə xərclərini artırmaq üçün təzyiqləri və ABŞ-ın bəzi beynəlxalq sazişlərdən birtərəfli şəkildə çıxması (Paris İqlim Sazişi, İran Nüvə Sazişi) Avropa müttəfiqləri arasında dərin narahatlıq yaratdı və Vaşinqton-Brüssel oxunu ciddi şəkildə zədələdi. Bu dövrdə Transatlantik ittifaqın yalnız strateji deyil, həm də dəyərlər və normativ əsaslar üzərində qurulmuş bir birlik olmasına dair təsəvvürlər zəiflədi.

Baydenin prezidentliyə gəlişi ilə birlikdə ABŞ bu münasibətləri bərpa etmək üçün diplomatik səylər göstərsə də, əvvəlki dövrdə yaranmış psixoloji uçurum və institusional etimad böhranı tam şəkildə aradan qalxmadı. Bayden administrasiyası Atlantik tərəfdaşlığına dəyər verdiyini açıq şəkildə bəyan etsə də, Avropada artıq ABŞ-ın xarici siyasətində uzunmüddətli sabitliyin olmaması ilə bağlı narahatlıq daha struktur xarakter almışdır. Bu narahatlıq xüsusilə 2024-cü il prezident seçkilərində Donald Trampın yenidən qalib gəlməsi ilə reallaşdı və Transatlantik münasibətlərin gələcəyinə dair sualları yenidən gündəmə gətirdi.

Trampın ikinci dəfə Ağ evə qayıdışı artıq ABŞ-ın dərin daxili dönüşünün simvoluna çevrilib. Vaşinqtonun liberal beynəlxalq nizama sədaqəti ilə bağlı Avropada son ümidlər də solarkən, Transatlantik ittifaqın bünövrəsindəki çatlar daha da genişlənir.

Yeni Tramp Administrasiyasının dörd aydır davam edən radikal islahatları göstərir ki, bu qayıdışın kökündə sadəcə, keçici populist dalğa yox, ABŞ-da dərinləşmiş struktur dəyişiklikləri dayanır. “Milli maraqların üstünlüyü” prinsipi yenidən siyasətin mərkəzinə çəkilir: ticarət müharibələri çərçivəsində Aİ-yə qarşı proteksionist tədbirlər güclənir, sərt gömrük tarifləri və yeni idxal məhdudiyyətləri Brüssel ilə münasibətləri kəskinləşdirir.

NATO-da isə Vaşinqtonun tələbləri daha aqressiv tona boyanıb: yük paylaşımının yenidən hesablanması, müdafiə xərclərinə konkret faiz məcburiyyəti və müttəfiqlərin məsuliyyətlərinin dəqiqləşdirilməsi – bütün bunlar Avropa hökumətlərini siyasi və maliyyə çətinlikləri çərçivəsində yeni tərəfdaş axtarışına sövq edir. Beləcə, Transatlantik koordinasiyanın ənənəvi mexanizmləri zəifləyir, qərarvermə prosesinin mərkəzindəki təcridçilik siyasəti isə ittifaq daxilində mənəvi və strateji böhranı şaxələndirir.

Nəticədə, posttransatlantik dövr, sadəcə olaraq, bir geosiyasi reallıq deyil, həm də normativ və institusional bir parçalanma prosesidir. Bu dövrdə Avropa öz təhlükəsizlik və xarici siyasətində daha çox muxtariyyət axtarışına çıxır, ABŞ isə öz gücünü Asiya-Sakit okean teatrına yönəldir. Eyni zamanda, qlobal səviyyədə artan qeyri-müəyyənlik və çoxqütblü sistemin formalaşması, Transatlantik əməkdaşlığın əvvəlki kimi universal model kimi təqdim olunmasını çətinləşdirir. Yeni dövr tərəfdaşlıq anlayışını yenidən düşünməyi, çevik, məqsədyönlü və çoxsəviyyəli əməkdaşlıq modellərinə keçidi zəruri edir. Transatlantik münasibətlər varlığını qorusa da, artıq əvvəlki dönəmin yekdil, liderlik edən güc oxu deyil, bir sıra ziddiyyətlərin, yeni reallıqların və strateji dilemmanın əhatə etdiyi daha mürəkkəb bir formatda təzahür edir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Seçilən
0
xalqqazeti.az

1Mənbələr