Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli qardaş ölkənin Böyük Millət Məclisində bir sıra görüşlər keçirib.
Herbiand.az xəbər verir ki, Emin Həsənli Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri hakim partiyanın İstanbul millət vəkili Şamil Ayrımla onun iş otağında bir araya gəlib. Birlik sədrini hörmətlə qarşılayan millət vəkili iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında Ulu öndər Heydər Əliyevin xidmətlərini yada salıb. Görüş zamanı bu ənənənin bu gün də davam etdiyi, iki ölkənin prezidenti İlham Əliyev və Rəcab Tayib Ərdoğan arasında olan isti münasibətin siyasi və mənəvi bağların bir qədər də möhkəmlənməsində müstəsna rol oynadığı vurğulanıb.
Emin Həsənli Türkiyəyə vaxtaşırı səfərləri zamanı bu bağların daha da möhkəmlənməsi üçün müxtəlif görüşlər keçirməsi və müxtəlif layihələrin icra olunmasından söhbət açıb. Bu əlaqələrin genişlənməsi üçün Türkiyənin hərbi yönümlü QHT-ləri ilə daima təmasların saxlanmasını, müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin qarşılıqlı səfərlərin təşkil olunmasını da yada salıb.
Daha sonra Emin Həsənli sabiq hərbçi və hazırda İzmir millət vəkili olan Mehmet Əli Çələbi ilə görüşündə Azərbaycan-Türkiyə hərbi əlaqələri barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkənin hərbi yönümlü QHT-lərinin əlaqələrinin genişləndiurilməsi perespektivləri müzakirə olunub.
Haızrda sabiq Milli Müdafiə naziri Hülusi Akarın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisinin Müdafiə Komissiyasının üzvü olan Mehmet Əli Çələbi bundan sonra da hərbi yönümlü təşkilatların əlaqələrinin genişlənməsi üçün parlamentin dəstək verəcəyini bildirib.
Emin Həsənli MHP-də uzun müddət türk dövlətləri üzrə sədr müavini olmuş, Ərzurum millət vəkili Kamil Aydınla da görüşü olub.
Kamil Aydın Xocalı soyqırımı zamanı Londonda təhsil aldığını və Azərbaycanın haqq davasının beynəlxalq aləmdə tanıdılması üçün fəaliyyət göstərdiyini yada salıb. Azərbaycanın son illər keçidiyi uğurlu yola nəzər salan millət vəkili bu uğurların bünövrəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Şuşaya səfər etdiyini xatırlayan Kamil Aydın Azərbaycanın Qarabağ zəfərinin türk millətinə sevinc yaşatdığını söylədi.
Görüş zamanı Azərbaycan və Türkiyə liderləri, İlham Əliyev və Rəcab Tayib Ərdoğanın qardaşlıq münasibətinin iki ölkənin inkişafında müstəsna rol oynadığı və bundan sonra da uğurlar gətirəcəyi vurğulanıb.