Nəhayət, bütün dünyanın gözlədiyi kimi, Almaniyanın yeni lideri rəsmən seçildi - Xristian Demokratik Birlik (CDU) Partiyasının lideri Fridrix Merz Bundestaqda keçirilən səsvermənin ilk turunda kifayət qədər səs toplaya bilməsə də, ikinci turda qələbə qazanıb.
Hafta.az-ın yazdığına görə, 69 yaşlı Merz birinci gizli səsvermədə iştirak edən 621 deputatdan 310 nəfərin səsini toplayıb, 307-si “yox” deyib, üç deputat bitərəf qalıb, bir səs isə etibarsız sayılıb və o, baş nazir seçilmək üçün tələb olunan 316 “hə” səsindən az qalıb. Amma ikinci səsvermedə Merz daha artıq – 325 səs alaraq Kansler seçilib.
Bu yerdə yada salaq ki, Almaniya tarixində ilk dəfədir ümumi seçkilər və uğurlu koalisiya danışıqlarından sonra Bundestaqda keçirilən səsvermənin birinci turunda kansler vəzifəsinə namizəd seçilməyib.
Bunun biabırçı olduğuna dair şərhlər edilərkən, "Merz Avropaya rəhbərlik edə biləcəkmi?" sualına mənfi cavab verənlərin nisbəti də artıb.
“The Wall Street Journal” qeyd edir ki, Merzin bir-biri ilə ziddiyyət təşkil edə biləcək üç əsas vəzifəsi olacaq: qonşularla və Donald Trampla münasibətləri yaxşılaşdırmaq, Avropa siyasətini zəhərləyən miqrasiya böhranına son qoymaq və Almaniya iqtisadiyyatında artımı təmin etmək.
Xarici siyasətə əsaslanan “Internationale Politik Quarterly” jurnalının baş redaktoru Henninq Hoff deyir ki, SPD-dən Olaf Şolzun varisi diqqəti daxili siyasətdən xarici siyasətə keçirəcək: “Merz Avropaya rəhbərlik etmək istədiyinə işarə edir”.
Merz ilk rəsmi səfərində Emmanuel Makronla görüşmək üçün bu gün Fransaya getməlidir. Bu ikilinin Avropa siyasi xəttini müəyyən edəcəyi gözlənilir.
İki fundamental məsələdə, Ukrayna müharibəsi və gömrük rüsumlarında ABŞ administrasiyası ilə fikir ayrılığına görə Avropanın nə edəcəyi çox vacibdir.
Fransanın həm Almaniyanı, həm də digər Avropa dövlətlərini nüvə silahı ilə qoruyacağına dair şərhlər var.
Almaniyada radikal sağçı “Almaniya üçün Alternativ”in (AfD) “ekstremist” kimi təsnifatı ABŞ-ın reaksiyasına səbəb olub. Dövlət katibi Marko Rubio qərarı “maskalı tiranlıq” adlandırıb, vitse-prezident JD Vens isə “bürokratların Berlin divarını yenidən tikdiyini” iddia edib.
Merzin "Almaniya həm Avropada, həm də dünyada bir daha məsuliyyəti öz üzərinə götürəcək. Özü də yüksək səslə deyil, etibarlı şəkildə, təkəbbürlə deyil, tərəfdaş kimi" dediyi Pasxa mesajı Moskvanı qəzəbləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Hitler dövrünə toxunaraq Merzin “yenidən” deyərkən hansı dövrü nəzərdə tutduğunu soruşub.
Merzin "Taurus" qanadlı raketlərini Ukraynaya çatdırmaq planı Rusiyanın qəzəbinə səbəb olur. Zaxarova Ukraynanın Almaniya ordusunun birbaşa dəstəyi olmadan bu raketlərdən istifadə edə bilməyəcəyini, “Taurus”ların Rusiya hədəflərini vuracağı təqdirdə Almaniyanı müharibəyə qoşulmuş hesab edəcəklərini demişdi.