AZ

Hindistan-Pakistan qarşıdurması dərinləşir

BAKI, TurkicWorld

Hindistandan Pakistana raket hücumu - Regional gərginlik münaqişəyə çevrilir.

TurkicWorld xəbər verir ki, Hindistan və Pakistan arasında Cammu və Kəşmirdə baş verən və 26 nəfərin ölümünə səbəb olan hücumdan sonra münasibətlər kəskin şəkildə pisləşib.

Hindistan ötən gecə Pakistan və onun nəzarətində olan Azad Kəşmirin 9 bölgəsinə raket zərbələri endirib. Hücum nəticəsində azı 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Yeni Dehli hökumətinin açıqlamasına görə, “Sindoor əməliyyatı” çərçivəsində həyata keçirilən hücumlar məqsədyönlü olub və Pakistanın hərbi obyektləri hədəf alınmayıb. Hindistan hadisəni Cammu və Kəşmirdə törədilmiş terror aktına cavab olaraq qiymətləndirib və qarşıdurmanı genişləndirmək niyyətində olmadığını bildirib.

Digər tərəfdən, Pakistanın Xidmətlərarası İctimai Əlaqələr İdarəsinin (ISPR) rəhbəri general-leytenant Əhməd Şərif Çaudri bu hücumu “utancverici və qorxaqcasına” adlandıraraq, ölkəsinin hava qüvvələrinin hazır vəziyyətdə olduğunu və bu “təxribatın cavabsız qalmayacağını” bildirib.

Qeyd edək ki, Hindistan və Pakistan arasında Cammu və Kəşmir bölgəsinə dair mübahisələr uzun illərdir davam edir və tərəflər arasında tez-tez silahlı toqquşmalar baş verir. Son hadisələr regionda genişmiqyaslı qarşıdurma riskini bir qədər də artırıb.

Seçilən
0
21
turkic.world

10Mənbələr