Yaxın aylarda dünya bazarında neftin qiyməti bir barel üçün 45 dollara, rublun məzənnəsi isə 1 dollar üçün 115-125 rubla kimi ucuzlaşa bilər ki, bu da yeni tarixi minimum olacaq.
Publika.az xəbər verir ki, bu proqnozla məşhur rusiyalı milyarder Oleq Deripaska çıxış edib.
O, həmçinin “Telegram” kanalında neftin qiymətinin düşməsinin səbəblərini araşdıran “Financial Times” məqaləsinə keçidi də əlavə edib. Xüsusilə, söhbət Səudiyyə Ərəbistanının təşəbbüsü ilə səkkiz OPEC+ ölkəsinin iyun ayında hasilatı sutkada 411 min barel artırmaq qərarından gedir ki, bu da qrafikdən ikinci əhəmiyyətli irəliləyişdir.
Əvvəllər saziş tərəfləri may ayından etibarən hasilatı gündəlik 135 min barel artırmağı planlaşdırırdılar, lakin strategiyanın dəyişdiyi görünür. “Reuters” mənbələri bildirirlər ki, OPEC+ hasilatı noyabr ayına qədər gündəlik 2,2 milyon barel arta bilər.
Aşağı qiymətlər Səudiyyə Ərəbistanına kvotalara əməl etməyən OPEC+ müttəfiqlərinə və artan həcmdə müstəqil istehsalçılara itirdiyi bazar payını geri qaytarmağa imkan verəcək. Bundan əlavə, aşağı enerji qiymətləri krallığı dəfələrlə hasilatı artırmağa çağıran ABŞ prezidenti Donald Trampla münasibətləri yaxşılaşdıra bilər.