Bu günlərdə Azərbaycanın nümayəndə heyətinin tərkibində Üzbəkistanda, Səmərqənd şəhərində xidmətə ezamiyyətdə olmuşam. Əlbəttə, biz də vaxt tapıb bu gözəl şəhərin görməli yerləri, tarixi abidələri ilə tanış olmuşuq. Səmərqənd qədim tarixi memarlıq nümunələri, xüsusilə Teymurilər sülaləsinə aid tikililərlə zəngindir. Təqribi hesablamalara görə, il ərzində 2,2 milyon nəfərdən çox yerli və xarici turist Gur-Əmir türbə kompleksinə, Uluqbəyin rəsədxanasına, Rəqistan meydanına, Rüşəbəd türbəsinə, Bibi xanım, Həzəti-Xızır məscidlərinə, Şahi-Zinda nekropoluna və s. tamaşa etməyə gəlir. Özbək bələdçilər isə müxtəlif dillərdə buradakı nadir eksponatlar haqqında məlumat verirlər. Hər yerdə olduğu kimi həmin komplekslərdə də turistlərə kitablar, bukletlər, müxtəlif suvenirlər, etnik geyimlər, hətta xəritələr təklif olunur. Lakin bu xəritələrdə tarixi reallıqların, Azərbaycanın, Türkiyənin tarixi ərazilərinin və toponimlərinin məlumatsızlıq və ya məqsədli şəkildə ciddi təhrif edilməsi təəssüf doğurur.
Məsələn, satışda olan və Əmir Teymurun hərbi yürüşlərini əks etdirən müxtəlif ölçülü xəritələrdə Qara dənizin şərq sahillərindən Dərbənd şəhəri də daxil olmaqla Xəzər dənizinin qərb sahillərinədək geniş ərazi "Gürcüstan" kimi göstərilmişdir. Osmanlı dövlətini isə tarixdə heç zaman mövcud olmayan, Bosfor boğazından "Kür çayının" sol sahillərinədək (dənizdən-dənizə) uzanan mifik "Ermənistan" əvəz etmişdir. Belə ki, xəritəyə əsasən, "Ermənistan" müasir Türkiyənin bütün ərazilərini, Suriyanın şimal torpaqlarını, Van və Urmiya göllərinin ətraflarını, Qara dənizin cənub-şərq sahil ərazilərini, Şərqi Anadolunu, Azərbaycanın Naxçıvan, Gəncə və Şamaxı bölgələrini əhatə etmişdir. "Azərbaycana" isə Abşeron yarımadasından cənuba kimi ensiz ərazi ayrılmış, Araz çayı "Kür", İstanbul və İzmir şəhərləri isə "Konstantinopol" və "Smirna" adlandırılmışdır. Bundan başqa, Səmərqənddə - Əmir Teymurun dəfn edildiyi Qur-Əmir türbə kompleksində divarı bəzəyən iri "Əmir Teymurun dövləti" xəritəsində də tarixi Azərbaycan ərazilərindəki toponimlərin təhrifinə yer verilmiş, məsələn Göyçə gölü "Sevan" kimi göstərilmişdir.
Maraqlıdır ki, həmin çap məhsulunda nə sifarişçi, nə də tərtibçi təşkilatların adları, nəşriyyatın ünvanı, eləcə də xəritənin tirajı göstərilməmişdir. Muzey bələdçiləri isə bu xəritələrin məhz Özbəkistan tarixçilərinin "çoxillik araşdırmalarının nəticələri" olduğunu bildirmişlər. Lakin sonralar onu da müəyyən etdik ki, Özbəkistanda bu tipli saxta xəritələrin tərtibi və satışı biznesi yerli ermənilərin inhisarındadır...
Araz Qurbanov, siyasi ekspert