İş mühitində rəhbər seçimi zaman-zaman müzakirə mövzusu olur.
Bəzən hansısa şirkətə, yaxud quruma gənc rəhbər təyin olunur. Bu zaman baxırıq ki, komandada rəhbər şəxsdən yaşca iki dəfə böyük şəxslər çalışır. Bu zaman narahatlıq keçirənlər də ola bilir.
Yaşca böyük şəxsləri idarə edənlər nəyi bilməli və hansı məqamlara diqqət etməlidirlər?
Mövzu ilə bağlı Valyuta.az-a danışan “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov qeyd edib ki, rəhbər vəzifəsinə daha yaşlıların təyin olunması mütləq deyil:
"Rəhbərlik yaşı deyil, peşəkarlığı və idarəetmə bacarığını əsas götürən bir məsələdir. Əsas olan odur ki, rəhbər idarəçi kimi yetkin, balanslı və məsuliyyətli olsun. Əgər bu xüsusiyyətlər yerindədirsə, rəhbərlik işçilərin idarə olunmasında ciddi problemlər yaşamaz".
A.Bayramov vurğulayıb ki, rəhbər olması həmin şəxsin avtomatik şəkildə hamı tərəfindən qəbul ediləcəyi və hörmət görəcəyi anlamına gəlmir:
"Rəhbər hər kəsin hörmətini qazanmaq üçün ilk növbədə özü hər kəsə hörmət etməlidir. Bu, qarşılıqlı münasibətlərin əsasını təşkil edir.
İdarəetmədə "liderlik testi" (leadership test) deyilən bir anlayış var. Bu testdən keçmək hər bir yeni rəhbərin qarşısında duran ilk vəzifələrdən biridir. Bu prosesdə rəhbər kollektivi ilə düzgün ünsiyyət qurmalı, hər kəsin dilini tapmalı və xüsusilə yaşlı işçilərə əlavə ehtiram göstərməlidir.
Əgər rəhbər təkəbbürlü davranarsa, bu, kollektivin ona adekvat reaksiya verməsinə səbəb ola bilər və nəticədə onu qəbul etməyə bilərlər. Qəbul olunmaq rəhbərin hüququ deyil, bunu özü qazanmalıdır. Yəni rəhbərin kollektivi tərəfindən qəbul edilməsi, komandanın deyil, rəhbərin məsuliyyətidir. O, öz peşəkarlığı, münasibəti və nüfuzu ilə bu hörməti qazanmalıdır".
Maya Hüseynova