AZ

Kəşmir alovlanır: NÜVƏ kölgəsində qarşıdurma

"Son günlərdə Hindistanla Pakistan arasında artan hərbi gərginlik, xüsusilə Kəşmir nəzarət xətti boyunca baş verən silahlı insidentlər regional sabitlik baxımından ciddi narahatlıqlar doğurur. Pakistan mediasının yaydığı məlumatlara görə, Hindistan ordusunun mövqelərinə zərbələr endirilib və qarşı tərəf ağ bayraq qaldırmağa məcbur olub. Hər iki ölkənin nüvə silahına sahib olması bu kimi eskalasiyaların təkcə region üçün deyil, qlobal təhlükəsizlik baxımından da kritik olduğunu göstərir".

Bu sözləri News24.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloqun sözlərinə görə, tarixi baxımdan Hindistan-Pakistan münasibətləri heç vaxt tam etimada əsaslanmayıb:

"1947-ci ildən bu yana müxtəlif formalarda silahlı münaqişələr, sərhəd insidentləri və diplomatik soyuqluqlar bu iki dövlətin siyasi təqvimində yer alıb. Kəşmir məsələsi isə bu münasibətlərin daim qaynayan nöqtəsi olaraq qalır. Bu səbəbdən qarşıdurmanın tamamilə bitəcəyini düşünmək reallıqdan uzaqdır".

"Bununla belə, beynəlxalq vasitəçilərin, xüsusilə BMT, Çin və ABŞ kimi böyük güclərin təzyiqi ilə tərəflərin müvəqqəti atəşkəsə razılaşması mümkündür. Lakin bu, davamlı sülh anlamına gəlməyəcək. Əksinə, silahlanma yarışı, informasiya müharibəsi və sərhəd təxribatları kontekstində münasibətlərin daha da qızışma riski yüksəkdir. Siyasi ritorikada mülayimlik olsa belə, sahədə baş verənlər fərqli istiqamətə işarə edir.

Nəticə olaraq, Hindistan-Pakistan qarşıdurması "sabit gərginlik" fazasına keçə bilər. Yəni müharibə olmasa da, müharibə riski hər an var. Tam sülh yalnız Kəşmir məsələsinin beynəlxalq hüquqa uyğun və qarşılıqlı güzəştlərlə həllindən sonra mümkündür – lakin bu da hal-hazırda olduqca uzaq bir ehtimaldır. Son günlərdə Hindistanla Pakistan arasında artan hərbi gərginlik, xüsusilə Kəşmir nəzarət xətti boyunca baş verən silahlı insidentlər regional sabitlik baxımından ciddi narahatlıqlar doğurur. Pakistan mediasının yaydığı məlumatlara görə, Hindistan ordusunun mövqelərinə zərbələr endirilib və qarşı tərəf ağ bayraq qaldırmağa məcbur olub. Hər iki ölkənin nüvə silahına sahib olması bu kimi eskalasiyaların təkcə region üçün deyil, qlobal təhlükəsizlik baxımından da kritik olduğunu göstərir”,- deyə o vurğulayıb.

T. İsmayılov onu da qeyd edir ki, Pakistan həm İslam dünyasından, həm də beynəlxalq ictimaiyyətdən bu məsələdə daha konkret mövqe gözləyir.

"İslamabadın əsas arqumenti budur: Kəşmir problemi sadəcə Hindistanla Pakistan arasında ərazi mübahisəsi deyil, bu, bir xalqın gələcəyi və beynəlxalq hüququn sınağıdır", - deyə sözlərini yekunlaşdırıb.


Günel Məlikzadə
News24.az


Seçilən
0
news24.az

1Mənbələr