Hindistan Pakistanın nəzarətində olan Kəşmirə raket zərbələri endirib. Pakistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsi istiqamətində hərbi əməliyyatlar başlayıb.
Milli.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Pakistan buna cavab olaraq Hərbi Hava Qüvvələrini səfərbər edib və cavab zərbələri endirib.
Şahidlərin verdiyi məlumata görə, Pakistanın Kəşmir paytaxtı Muzaffarabad şəhəri və bölgədə yerləşən daha iki yerdə güclü partlayış səsləri eşidilib. Partlayışlardan sonra Muzaffarabad şəhərində elektrik enerjisi kəsilib.
Pakistan cavab əməliyyatı başlatdı
Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-leytenant Əhməd Şərif Çaudhri yerli ARY televiziyasına açıqlamasında Hindistanın üç ayrı nöqtədə raket hücumları həyata keçirdiyini və nəticədə 3 nəfərin öldüyünü, 12 nəfərin isə yaralandığını bildirib.
Onun sözlərinə görə, Hindistan ordusu Kotli, Bahavalpur, Muridke, Bağ və Muzaffarabad şəhərlərini hədəfə alıb.
"Az öncə Hindistan qorxaq şəkildə Bahavalpurun Əhməd Şərq bölgəsində yerləşən Subhanullah məscidinə, Kotliyə və Muzaffarabadın müxtəlif nöqtələrinə hava zərbələri endirdi", - deyə Çaudhri bildirib.
Pakistan Hərbi Hava Qüvvələrinin bütün təyyarələrinin havaya qaldırıldığı vurğulanıb.
"Bu qorxaq və utancverici hücum Hindistanın hava məkanından həyata keçirilib. Onlara Pakistan hava məkanına daxil olmağa heç vaxt icazə verilməyib", - deyə Çaudhri qeyd edib.
"PTV News"un X platformasında təhlükəsizlik mənbələrinə istinadla verdiyi xəbərdə Pakistanın cavab əməliyyatı başlatdığı qeyd olunub.
"Bu qorxaq hücum nəticəsində günahsız bir uşaq ölüb, bir qadın və bir kişi isə ağır yaralanıb. Hindistan gecə qaranlığında günahsız pakistanlılara qarşı alçaq hücum həyata keçirib", - deyə bəyanatda vurğulanır.
Pakistanın müdafiə naziri Xavacə Asıf ARY News kanalına açıqlamasında Hindistanın mülki əraziləri hədəf aldığını deyib.
Hindistan-Pakistan münasibətlərində gərginlik artır
Qeyd edək ki, aprelin 22-də Kəşmirdəki Pahalgam qəsəbəsində silahlı şəxslərin turistlərə hücumu nəticəsində 25 hindistanlı və bir Nepal vətəndaşı həlak olub. Hücuma görə məsuliyyəti "Kəşmir Müqaviməti" adlı qrup üzərinə götürüb.
Hindistan hücumun arxasında Pakistanın olduğunu iddia edib, lakin İslamabad bu iddiaları rədd edərək hadisəni "yerli üsyan" adlandırıb.
Bunun ardınca Hindistan sərhəd keçid məntəqəsini bağlayıb, viza məhdudiyyətləri tətbiq edib və Hind çayları haqqında müqavilədən geri çəkildiyini elan edib. Pakistan bu addımları "müharibə aktı" kimi qiymətləndirib.
Son həftələrdə hər iki ölkənin ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib və hava məkanları bir neçə dəfə bağlanıb.
Xəyal Abdullayev
Milli.Az