AZ

Rusiyadan cavab gözləyirik!

“Torbadakı pişik” günahsız insanlardan artıq deyil

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından altı aya yaxın vaxt keçib. Əslində, söhbət qəzadan yox, hava gəmimizin vurulmasından gedir. Özü də Rusiya səmasında, daha doğrusu, Qroznu yaxınlığında.

“Qara qutu” təyyarənin yerə çırpılma səbəbinin kənar müdaxilə olduğunu təsdiqləyib. Füzelyajda olan dəliklər də “Embraer 190”nın məhz hava hücumundan müdafiə sisteminin raketinin partlaması nəticəsində hərəkətini itirdiyini söyləməyə əsas verir. Qalır, yumşaq desək, gərəksiz müdaxiləyə yol verənlərin məsuliyyətə cəlb edilmələri, ədalət mühakiməsi qarşısına çıxarılmaları. Amma görünür, işin ən çətin hissəsi elə budur. Çünki Rusiya tərəfi məsələni uzatmaqla məşğuldur, qəsdən yaratdığı bürokratik maneələrlə istintaqın aparılmasını əngəlləyir. Deməli, necə deyələr, torbada pişik var. Başqa sözlə desək, o “pişik” təyyarədə olan 40-dək insanın həyatını itirməsindən, 25-dən çoxunun yaralanmasından daha vacib statusdadır.

Əslində, pişik söhbətini elə-belədən açmadıq. Çünki Rusiya lap əvvəldən hadisəni adi qəza kimi təqdim etməyə çalışırdı. Əvvəl hava gəmimizi “quşla toqquşduranlar” tapıldı. Bu məsələdə ilk növbədə informasiya kirliliyi yaratmaq cəhdlərini gördük. Ardınca, Rusiyadakı anti-Azərbaycan sürüsü təmsilçilərinin “işə düşüb” ağızlarına gələni danışdıqlarına şahidlik etdik. Daha sonra ölkənin Xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında 2020-ci ilin 44 günlük müharibəsinin son günündə Rusiyanın hərbi helikopterinin Azərbaycan tərəfindən vurulmasını yada saldı. O, faktiki olaraq, hadisələri eyniləşdirdi. Nəhayət, Kremlin baş diplomatının sözlərindən belə çıxdı ki, Bakı Moskva ilə əlaqələrinin yaxşı olması səbəbi ilə təyyarənin vurulmasına görə məsuliyyəti unutmalıdır...

S.Lavrovun anlaşılmaz fikirləri ilə paralel olaraq, haqqında söz açdığımız sürü ölkəmizə söyüş və təhqirlər yağdırdı. Bu sərsəm təfəkkür sahibləri təyyarə olayı ilə bağlı boş və mənasız versiyalarını sırımaq üçün şantaja əl atdılar, iyrənc sovet təbliğatına xas nağıllar danışdılar. Ancaq cəhdləri heç bir fayda vermədi.

Azərbaycan ictimaiyyəti Rusiya tərəfinin məsuliyyətli davranmasını gözləyir və tələbində israrlıdır. Bunu Prezident İlham Əliyev də vurğulamışdı. Prinsipial mövqe tutan dövlətimizin başçısı Azərbaycan televiziyasına müsahibəsində günahkarların cəzalandırılmasını tələb etmişdi. Rəsmi Bakı yenə öz mövqeyində qalır.

Əlbəttə, Azərbaycan cəmiyyəti və dövləti heç nəyi unutmur və Rusiya tərəfdən cavab gözləyir. Cavab isə yoxdur. Məsələn, ölkəmizin prokurorluq orqanları hər ay bununla bağlı rusiyalı həmkraları ilə əlaqə saxlasalar da, nəticəsi olmur. Mövcud durum, əlbəttə ki, etimad mühitini zədələyir. Özü də söhbət təkcə iki ölkənin hüquq-mühafizə orqanları arasındakı deyil, bütövlükdə Bakı ilə Moskva arasındakı etimaddan gedir.

Bəli, qarşı tərəf məsələyə həssas yanaşma nümayiş etdirməlidir. Nəzərə almalıdır ki, Azərbaycan dövləti və xalqı mövqeyində haqlıdır. Bunun üçün isə əlavə heç bir sübuta ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Rusiya tərəfinə təyyarəmizə atəş əmrini açmağı kimin verdiyi, atəşi kimlərin açdığı çox yaxşı bəllidir. Bunu gizlətmək mənasız, həmçinin Azərbaycan – Rusiya münasibətləri baxımından zərərlidir.

Əlbəttə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” təyyarəsinin atəşə tutulması ilə bağlı başqa məqamlardan da söz aça, bəzi digər nüansları diqqətə çatdıra bilərdik. Amma buna lüzum görmürük. Çünki Rusiya tərəfindən mehriban və səmimi qonşuluq münasibətlərinə sadiqlik, səmimiyyətə şübhə gətirən məqamların aradan qaldırılmasını gözləyirik.

R.ƏVƏZ
XQ

Seçilən
0
xalqqazeti.az

1Mənbələr