AZ

Əli Koç iki saatlıq canlı yayına çıxacaq!

''Fənərbaxça'' üçün böyük ümidlərlə başlayan daha bir mövsüm fiasko ilə yekunlaşmaq üzrədi.

2014-cü ildən çempion ola bilməyən İstanbul nəhəngi hətta Joze Mourinyo kimi məşqçi ilə də bu həsrətə son qoya bilmədi. ''Fənər'' üçün ağır keçən cari mövsüm faktiki olaraq ''Beşiktaş''a son məğlubiyyətin ardından başa çatdı. Çünki sona 4 tur qalmış 8 xallıq fərqi ancaq kinolarda əritmək mümkündü. Düzdü, futbolda hər şey görmüşük. Amma Okan Burukun ''Qalatasaray''ı çox inamlı təsir bağışlayır və çətin ki, bu üstünlüyü əldən versin.

Derbidəki son məğlubiyyət haqlı olaraq fanatların böyük etirazına səbəb oldu. ''Fənər''lilər bu mövsüm artıq neçənci dəfə rəhbərliyi istefaya dəvət etdilər. Oyundan sonra həm Mourinyo, həm vitse-prezident Acun Ilıcalı, həm də komanda ilə bağlı bir çox şayiələr yayıldı. Acun artıq bu şayiələri rəsmən təkzib edib. Bu söz-söhbətlər onun yeni məşqçi axtarışına başlaması barədə idi. Həqiqətən də köməkçiləri ilə birlikdə Türkiyədə illik 15 milyon avro qazanan Mourinyonun taleyinin necə olacağı böyük maraq doğurur. Onun ''Fənər''lə hələ birillik müqaviləsi var.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 25 illik məşqçi karyerasında cəmi 1 dəfə öz istəyi ilə istefa verib! Bu hadisə onun karyerasının əvvəlində - ''Benfika''da işlədiyi dönəmdə baş verib. Bu arada başqan Əli Koçla bağlı mühüm xəbər var. Belə ki, onun canlı yayında açıqlamalar verəcəyi məlum olub. Koç prezidentliyinin ilk illərində tez-tez mətbuat önünə çıxırdı. Amma Ilıcalı vitse-prezident seçildikdən bu yana Koç çox nadir hallarda açıqlama verir.

Klubdan verilən rəsmi açıqlamada Əli Koçun mayın 7-də yerli vaxtla saat 19.00-21.00 aralığında ''TRT Spor''un qonağı olacağı qeyd olunub. İki saatlıq canlı yayında onun komandanın durumu, yəni hədəfləri, Mourinyonun gələcək taleyi və digər məqamlar barədə önəmli açıqlamalar verəcəyi gözlənilir.

Seçilən
0
football-plus.az

1Mənbələr