AZ

Azərbaycan beynəlxalq aqrar sərgilər mərkəzidir

Gələn həftə Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək. Bununla bağlı dünən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin, eləcə də sərgi təşkilatçılarının iştirakı ilə mətbuat konfransı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli bildirib ki, builki sərgilərdə ilk dəfə fermerlər üçün kənd təsərrüfatı sahəsində süni intellekt əsaslı yeniliklər təqdim olunacaq. Təmsil etdiyi qurumun bu il süni intellektin tətbiqi ilə bağlı bir neçə layihəni sərgi iştirakçılarına təqdim edəcəyini bildirən nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda yerləşən universitetlərdə süni intellekt istiqamətində yetişdirilən tələbələr və bazarda olan böyük aqroparklar arasında sinerji yaratmaq istiqamətində tədbirlər həyata keçiriləcək. O deyib ki, sərgi həm universitetlərdə təhsil alan tələbələr, həm də iri aqroparklar arasında sinerji formalaşdırmaq və onlara süni intellektin kənd təsərrüfatında tətbiqinə imkan yaratmaq baxımından mühüm rol oynayacaq.

“Caspian Event Organizers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə isə media nümayəndələrinin diqqətinə çatdırıb ki, mayın 13-dən 16-dək davam edəcək sərgilərdə 30-dan artıq ölkədən 450-dək şirkətin iştirakı təsdiqlənib. O qeyd edib ki, ötən müddətdə “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq qlobal sərgi təqvimində layiqli yerini tutub. Bildirilib ki, Prezident İlham Əliyevin “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət etməsi, burada nümayiş etdirilən sərgi ekspozisiyaları və iştirakçılarla tanış olması tədbirin ölkəmiz üçün əhəmiyyətini təsdiqləyir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi, eləcə də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının fəal dəstəkləri ilə keçirilən “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin coğrafiyası getdikcə genişlənir. Builki sərgilər Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhatə edəcək. Bununla yanaşı, Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri Lanka və ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində iştirak edəcəklər.

İştirakçı və ziyarətçilərin istəkləri nəzərə alınaraq bu il sərgilərin 4 gün ərzində keçiriləcəyini vurğulayan B. Hidayətzadə bildirib ki, bu, sərgi iştirakçılarında və ziyarətçilərdə qarşılıqlı əlaqə üçün yeni imkanlar yaradacağına və əlavə impuls verəcəyinə inamı artırır.

Mətbuat konfransında 30 illik yubileyini qeyd edən “InterFood Azerbaijan” sərgisi barədə ətraflı məlumat verilib. Bildirilib ki, ötən müddətdə 50-dək ölkədən 3 mindən çox şirkət və 150 mindən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb. Burada təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayəsi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda, “InterFood Azerbaijan” sərgisi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək onun möhkəmləndirilməsində vacib rol oynayır.

Xatırladaq ki, regionun ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edəcək. Sərgi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyasını yenidən bir məkana toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradacaq. Eyni zamanda, sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, IT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alacaq.

“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunacaq.

Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər. Eyni zamanda, sərgilərdə iştirakçı şirkətlər tərəfindən seminarlar və təqdimatlar keçiriləcək. Almaniya Milli Pavilyonunda bu ölkəni təmsil edən şirkətlərin məhsullarının təqdimatı bu baxımdan maraqla gözlənilir.

 

 

Seçilən
0
xalqqazeti.az

1Mənbələr