AZ

Mourinyonun 1 ili ''Fənərbaxça''ya 107 milyon avroya başa gəldi!

Joze Mourinyonun ''Fənərbaxça''dakı gələcəyi hazırda Türkiyə futbolunda ən çox müzakirə olunan mövzulardan biridi.

Son olaraq derbidə öz meydanında ''Beşiktaş''a uduzaraq fanatlarına əsil şok yaşadan ''sarı-lacivərdlilər''in çempion ola bilməsi üçün artıq möcüzə baş verməlidi.

Bu arada fanatları cin atına mindirən tək uğursuz nəticələr yox, həm də Mourinyonun açıqlamalarıdı. Özündən başqa hamını günahlandırmağı xoşlayan portuqaliyalı mütəxəssis son məğlubiyyətin ardından özünü gülməli vəziyyətə saldı. Çünki yenə kimlərinsə ''Qalatasaray''a kömək etdiyinə və Türkiyədə ''Qalatasaray''dan başqa klubun çempionluğunun mümkün olmadığına işarə vurdu. Bəlkə də ilk vaxtlar az-çox bu cəfəngiyyata inananlar var idi. Amma indi bu sözlər hətta neytral azarkeşlərdə belə gülüş və ikrah hissi oyadır.

Maraqlıdı, görəsən, Türkiyədə mövsümün nəticəsi əvvəlcədən bəlli idisə, Mourinyo ümumiyyətlə nə üçün bu yükün altına girməyə razı oldu? Hər şey əvvəlcədən bəlli idisə, Mourinyo nə üçün ''Fənərbaxça''nın dünyalar qədər pullar xərcləməsinə səbəbkar oldu? İstanbul nəhəngi son 1 ilə yaxın müddətdə, tarixinin ən böyük pullarını xərcləyib. Mourinyonun istədiyi heyəti qurmaq üçün rəhbərlik ötən yay 12 yeni futbolçu aldı. Həm transfer məbləği, həm də icarə haqqı kimi klubun büdcəsindən 65 milyon avro çıxdı. Təkcə Yussef Ən-Nəsiriyə görə 19,5 milyon avro, yəni ''Fənərbaxça'' və Türkiyə futbolu tarixinin ən böyük məbləği ödəndi! 12 yeni futbolçunun illik maaşı isə 27,8 milyon avroya bərabər oldu. Bu azmış kimi qışda alınan Anderson Talişkaya görə rəhbərlik cəmi 5 ay üçün 6 milyon avro ödəməyə razılıq verdi!

Mourinyonun özünün illik qazancı 10,5 milyon avrodu. Köməkçiləri ilə birlikdə bu məbləğ 15 milyon avroya çatır. Uzun sözün qısası, Mourinyonun 1 illik dönəmi kluba 107,8 milyon avroya başa gəldi! Amma nəticədə komanda nəinki çempion ola bilmədi, hətta nəticələr baxımından ötən mövsümkü İsmayıl Kartalın komandasından da geri qaldı!

Seçilən
0
football-plus.az

1Mənbələr