AZ

İrəvanda “casus ovu” mövsümü

...Ümumi qaydaya əsasən, ov mövsümü payız, qış aylarında başlayır. Bunun çox sadə səbəbi ondan ibarətdir ki, canlı təbiətdə – faunada populyasiya prosesi məhz soyuq mövsümdə gedir. Amma ana təbiətdən fərqli olaraq, bəzi cəmiyyətlərdə ov mövsümünə dövrdən, fəsillərdən asılı olmayaraq, qaydaların tam əksinə gedərək start verildiyi müşahidə edilir. Bu zaman prosesin hərəkətverici amili kimi cəmiyyətdə siyasi atmosfer təzyiqinin kəllə-çarxa çıxması göstərilir. “Siyasi qızdırmaya” düşmüş belə azsaylı cəmiyyətlərdən biri də Ermənistandır.

Hayastanda siyasi ehtirasların qızışmasının əsas səbəbi parlament seçkiləri öncəsi siyasi qüvvələr arasında mübarizənin sivil qaydalar çərçivəsini aşaraq, partiyalararası, qruplararası, klanlararası, bəzən də fərdlərarası savaş müstəvisinə keçməsidir. Qarşıdakı seçkilərdə hazırkı baş nazir Nikol Paşinyana qarşı vahid müxalif cəbhədən çıxış etməyi planlaşdıran iki eks-prezidentin – Koçaryan və Sarkisyanın daxildən daha çox xarici dəstəyə ümid etdiklərini hamı bilir. Çünki, “Qarabağ klanı”nın 20 il hakimiyyətdə olduğu dövrü İrəvan ermənilərinin “qara dövr” adlandırdıqlarını və bu münasibətin bir ildən sonra da dəyişməyəcəyini yaxşı anlayan həmin “eks”lərin kənar güclərə söykənməkdən başqa yolu yoxdur.

Mübarizə açıq müstəviyə keçdiyindən tərəflər diplomatik etiket, siyasi ritorika anlayışlarını yaddan çıxarıblar. Əgər belə olmasaydı, Ermənistan parlamentinin sədri Alen Simonyan cəmiyyətin üzləşdiyi bütün problemlərdə iqtidar partiyasını ittiham edən ölkəsinin ikinci prezidenti Robert Koçaryana “Rusiyanın ştatlı casusu” deməzdi. Qarşı tərəf ona borclu qalmadı və operativ reaksiya nümayiş etdirərək, spikeri “Türkiyənin agenti”, “Azərbaycanın casusu” kimi epitetlərə “qonaq” elədi. Bu bəyanatın müəllifi Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri postunda işləmiş Baqrat Mikoyandır. Simonyanın siyasi qiymətini “düşünürəm ki, Alen Simonyan azərbaycanlı onbaşı casusu və türk agenti statusuna malikdir və onun sözlərinə istinad etmək istənilən erməni üçün təhqirdir” formasında izhar edib. Bununla da kifayətlənməyən Mikoyan spikerin ünvanına, onun düşüncəsinə görə, bu təhqiri də yağdırıb: “Ona (Alen Simonyana – red.) Ərdoğanın kitabını verin, onu qucaqlayıb sakitləşsin”.

Müharibədə uduzmağın bir aqibəti də günahkarı daxildə axtarmaq, “casus ovu”na çıxmaq kimi acı fəsadla üzləşməkdir. Azərbaycanla savaşda təslimolma sənədini imzalamağa məcbur edilmiş Hayastanın hərbi-siyasi düşərgəsində hamının bir-birinə casus gözü ilə baxması başadüşüləndir. Axı, 2020-ci ilin sentyabrınadək

“Qarabağı dirçəldirik” kampaniyası adı ilə xaricdən aldıqları milyardlarla dollar ianəni basıb yeyən, xirtdəyə qədər korrupsiyaya bulaşmış keçmiş hakimiyyətlərin bu gün bir-birinin boğazını gəmirməsinin səbəbi təkcə hakimiyyət davası deyil. Onlar cinayət əməllərinə görə bir gün cəmiyyət və Femida qarşısında cavab verməli olacaqlarını bildiklərinə, yəni son aqibətlərini gözlərinin qabağına gətirdiklərinə görə bir-birinə qarşı bu dərəcədə hirslidirlər.

Bəli, Ermənistanda “casus isterikası” başadüşüləndir. Bu ictimai-siyasi ovqat oradakı revanşist qüvvələrə də sərf edir. Axı, onlar sülh sazişinin bağlanmasına qarşıdırlar. Daxildə hakimiyyət davasının bu həddə gəlib çatması daşnak-lobbistlər üçün həm də Azərbaycana qarşı təbliğat aparmaq, sülh sazişinin bağlanmasına əngəl törətmək üçün bir fürsətdir. Revanşistlərdən ötrü sülh sazişinin imzalanmasını ləngitməyin bir üsulu da daxildə casus axtarışına çıxmaqdır. Onlar bu yolla bir yandan Paşinyanı gözdən salmağa, digər tərəfdən daxili auditoriyanı azdırmağa, ictimaiyyətə sülhün mümkünsüzlüyünü təlqin etməyə cəhd göstərirlər.

Yəqin, yazdıqlarımızın fonunda oxucu Hayastandakı siyasi mənzərəni gözü önünə gətirə bildi. Onun indiki durumdan çıxış edərək haylarla bağlı belə bir qənaətə gəlməsini də güman edə bilərik: – Qırın bir-birinizi!

Amma biz onlara heç daxildə də vətəndaş müharibəsi arzulamırıq. Təki anlasınlar ki, daxili-xarici bütün problemlərinin yeganə həll yolu Azərbaycanla sülhə gəlməkdir. İndi onlar üçün bunu anlamağın da mövsümüdür...

İ.HƏSƏNQALA
XQ

Seçilən
0
xalqqazeti.az

1Mənbələr