Azərbaycan və İranın beyin mərkəzlərinin yeni əməkdaşlıq xətti
İran Prezidenti Məsud Pezeşkianın Bakıya rəsmi səfərindən sonra iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərində canlanmanın yaranacağı gözlənilən idi. Buraya regional və beynəlxalq münasibətlərin təhlili və araşdırılması ilə məşğul olan mərkəzlər, qeyri-hökumət təşkilatları arasında əlaqələrin qurulmasını və qarşılıqlı əməkdaşlığın intensivləşəcəyini də aid etmək olar.
“Məsud Pezeşkianın Azərbaycana səfəri, həqiqətən də, ikitərəfli münasibətlərin yeni perspektivlərini açdı. Bunun yeni mərhələnin başlanğıcı olacağına ümidlər böyükdür. Bu baxımdan iki ölkənin düşüncə mərkəzləri səviyyəsində də müvafiq addımlar atılır”. Bu sözləri XQ-yə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirdi. Qeyd etdi ki, rəbbərlik etdiyi mərkəzin İran Xarici İşlər Nazirliyinin məlum institutu ilə əvvəllər əlaqələr mövcud idi. 2021-ci ildə Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IRIS) əməkdaşlarının Bakıya gəlişini xatırladan F.Şəfiyev ondan sonrakı dövrdə məlum səbəblər üzündən təmasların kəsildiyini dedi. Artıq ikitərəfli təmasların bərpa edildiyini nəzərə çatdıran BMTM sədri Bakıda imzaladıqları anlaşma memorandumun dövlətlərarası müqavilə olmasa da, amma onu xoş niyyətlə bağlı sənəd kimi qiymətləndirdi: Təbii ki, birgə fəaliyyətimizin səmərəsi bu sənədi məzmunla nə dərəcədə dolduracağımızdan asılı olacaq. Başladığımız müzakirələr buna ümidlər verir”.
Memoranduma əsasən, İranda keçiriləcək tədbirlərdə iştirak etmək üçün Tehrana gedəcəyini söyləyən F.Şəfiyev qonşu ölkədən də nümayəndələrin Bakıya tez-tez gələcəkləri barədə razılığın əldə olunduğunu bildirdi. “Ola bilsin ki, əməkdaşlığımızın bəhrəsi kimi bir kitab, yaxud təhlil-hesabat çap elədik” – deyən BMTM sədri artıq belə təcrübənin olduğunu və bu yaxınlarda qazaxıstanlı mütəxəssislərlə birgə araşdırmanın işıq üzü gördüyünü qeyd etdi. F.Şəfiyev həm ikitərəfli münasibətlərin, həm də regional vəziyyətin təhlilinin yer alacağı belə bir araşdırmanın iranlı həmkarlarla birgə hazırlanması barədə ilkin razılığa gəlindiyini də nəzərə çatdırdı.
***
Qeyd edək ki, dünən Bakıda BMTM ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi (IRIS) arasında imzlanan anlaşma memorandumunu məhz bu istiqamətdə atılan ilk addımlardan biri hesab etmək olar. Sənəd “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusunda keçirilən tədbir çərçivəsində imzalanıb. Memorandumu BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev və İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (IRIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə imzalayıblar. Sənədə əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.
Daha sonra qəzetimizə açıqlamasında BMTM İdarə Heyətinin sədri bildirdi ki, o, bundan sonra İranla Azərbaycan arasında təmasların daimi olacağına inanır: “Çünki iki ölkə arasında möhkəm əlaqələr var. Amma sirr deyil ki, vaxtaşırı müəyyən problemlər də ortaya çıxır. Bundan ən düzgün çıxış yolu isə qarşılıqlı səmimi qonşuluq siyasətinin olmasıdır”.
İran Prezidentinin Azərbaycana rəsmi səfəri ilə bağlı fikirlərini davam etdirən F.Şəfiyev bu səfəri hər iki tərəf üçün son dərəcə vacib saydığını və uğurlu olduğunu qeyd etdi: “Biz düşüncə mərkəzləri səviyyəsində müzakirələr aparmaq, fikir müübadiləsi etmək üçün bir araya gəlmişik. Bakıda və Tehranda düzənlənəcək görüşlərimizdə müzakirələri həm iki ölkə arasında, həm regiondakı mövcud durum, həm də beynəlxalq münasibətlər kontekstində prosesləri akademik fikir mübadiləsi formasında keçirəcəyik”.
***
Bakıda təşkil olunan “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusunda tədbirin əsas məqsədinin Cənubi Qafqaz regionunda dəyişən geosiyasi konfiqurasiya fonunda Azərbaycan–İran münasibətlərinin cari vəziyyətini və gələcək inkişaf istiqamətlərini qiymətləndirmək olduğunu diqqətə çatdıran F.Şəfiyev müzakirələrdə həm özünün, həm də İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, Xarici işlər nazirinin müavini Səid Xətibzadənin çıxış etdiklərini bildirdi. O çıxışında iki ölkənin münasibətlərində müşahidə olunan pozitiv dinamikanın əlaməti olaraq, Prezident Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinə diqqət çəkdiyini, bu səfərin strateji dialoqun bərpası, etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlıq formatlarının genişləndirilməsi baxımından mühüm dönüş nöqtəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdığını vurğuladı.
F.Şəfiyev, həmçinin imzaladıqları anlaşma memorandumuna uyğun olaraq, Azərbaycan–İran münasibətlərinin regional proseslər kontekstində müzakirəsi və gələcək inkişafın prioritetlərini müəyyənləşdirməkdən ötrü mütəmadi görüşlərin keçiriləcəyini diqqətə çatdırdı.
* * *
Yeri gəlmişkən, Səid Xətibzadə tədbirdəki çıxışında İranın qonşuluq siyasətində Azərbaycanın mühüm yer tutduğunu qeyd edərək, Prezident Məsud Pezeşkianın Bakıya ilk səfərinin bu siyasətin əməldə təzahürü olduğunu bildirib. O, həmçinin iki qonşu xalq arasındakı yaxın münasibətlərə də diqqət çəkib: “Süni maneələr aradan qaldırılmalı, təbii əlaqələr maksimum səviyyəyə çatdırılmalıdır. Bölgədə baş verən geosiyasi, geoiqtisadi dəyişikliklər onu tələb edir ki, yanaşmalar da bu tendensiyalara uyğunlaşdırılsın”.
Daha sonra işini ekspertlər arasında panel müzakirələrlə davam etdirən “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” tədbirində regiondakı yeni reallıqlar fonunda ikitərəfli münasibətlər, İran Prezidentinin Azərbaycana səfərinin yekunları, regional enerji və nəqliyyat layihələri, təhlükəsizlik və sərhəd idarəçiliyi, eləcə də mədəni-humanitar əməkdaşlıq məsələləri ilə bağlı çıxışlar oldu. BMTM İdarə Heyətinin üzvü Cavid Vəliyevin, IRIS-in Avrasiya araşdırmaları qrupunun rəhbəri Əlibeman Eğbali Zarçın, mərkəzin baş elmi işçisi Mənuçehr Muradinin, eləcə də BMTM-in baş məsləhətçisi Məsiağa Məhəmmədinin çıxışları dinlənildi.
İmran BƏDİRXANLI
XQ