AZ

Banklar sizdən xəbərsiz maaş kartınızdan da pul çəkir - bank özbaşınalığı artır...


Fuad İbrahimli: "Vətəndaş imtina edib ödəmədikdə, belə olduğu halda məhkəməyə müraciət olunur"

Ödəmə müddəti gecikdirilmiş kreditlərin ödənilməsi üçün banklar müxtəlif üsullara, yollara əl atır. Bu üsullardan biri də, kreditin ödənilməsini gecikdirmiş vətəndaşların xəbəri olmadan onların maaş kartından vəsaitin çıxılmasıdır.

Bu hal hətta cüzi gecikməyə və ya 1-2 gün gecikmədə də müşahidə olunur. Məlum hal vətəndaşları çıxılmaz vəziyyətə salır.

Maraqlıdır, bank vətəndaşın razılığı olmadan onun kartından vəsait çıxa bilərmi?

"Yeni qayda ilə vətəndaşlara sərbəstlik veriləcək, belə ki, vətəndaşlar maaş və pensiya ödənişlərini istənilən bankdan əldə edə biləcəklər, nəticədə..."

İqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, müqavilədə əslində borcu ümumi predmetlə maaşa yönəltmək üçün məhkəmənin qərarı lazımdır: "Bəzi hallarda kartı məhz o kredit həddinə əlaqələdirməklə avtomatik surətdə vəsait ordan silinə bilər. Məsələn, maaşı bir bankdan alırsız, eyni bankdan da əlavə kredit götürürsüz. Bu halda məhkəmənin qərarı olmadan borc yarandığı halda avtomatik kartdan silinə bilər. Bu müqavilədə dolayı yolla öz əksini tapır. Bir də var ki, o banka aid olmayan kartınız var, başqa yerdən maaş alırsız və borcunuz yaranıb. Belə olduğu halda bank mütləq şəkildə məhkəməyə müraciət edir, qərara çıxarılır və iş yerinizə yönəldilir. Bundan qabaq bank özü də birbaşa iş yerinə məktub yaza bilər. Burada heç bir qanun pozuntusu yoxdur. Vətəndaş imtina edib ödəmədikdə, belə olduğu halda məhkəməyə müraciət olunur. Onun gəlir mənbələri, o cümlədən iş yeri müəyyən edilir və oraya yönəldilir. Məhkəmə sxemi belə tənzimlənir. Onu da deyim ki, banklar adətən kredit müqavilələrini çox kiçik ölçüdə hazırlayırlar. Bəzən bu müqavillələri oxuyub başa çatdırmaq çətin olur. Ona görə də vətəndaşlar qarşılarında olan kredit müqaviləsini imzalayırlar. Bu da sonradan yaranmış ödənişlərin gecikməsinə görə tətbiq edilən faizlərlə bağlı narazılıq yaradır".

Həmsöhbətimiz onu da əlavə etdi, yeni qayda ilə vətəndaşlara sərbəstlik veriləcək: "Belə ki, vətəndaşlar maaş və pensiya ödənişlərini istənilən bankdan əldə edə biləcəklər yaxud mövcud bankı dəyişə biləcəklər. Belə olduğu halda, bank kredit ödənişləri geciksə belə, həmin kartlardan pul tuta bilməyəcək".

Günel CƏLİLOVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr