Son günlər sosial şəbəkələrdə “Fashion Street” restoranında normadan artıq səs-küy salınması ilə bağlı vətəndaşlar tərəfindən xeyli şikayətlərin olduğu xəbərləri yayılır.
Sakinlərin Axar.az-a verdiyi məlumata görə, bu ictimai iaşə obyekti bəzən gecə saat 00:00-dan sonra belə yüksək səslə musiqi səsləndirir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli saytımıza açıqlamasında deyib:
“Həmin ərazidə mövcud olan məişət səs-küyü ilə bağlı neqativ halın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. İcarədar bir daha belə hala yol verəcəyi təqdirdə, barəsində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi diqqətinə çatdırılıb”.
O bildirib ki, məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri polis əməkdaşları tərəfindən davamlı olaraq həyata keçirilir:
“Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər 7-dək səs-küy salan, məişət səs-küyünə qarşı mübarizə tələblərini müxtəlif üsullarla pozan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.
Bildirim ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi (Məişət səs-küyünün yolverilməzliyi) ilə tənzimlənir”.
Qeyd edək ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozan fiziki şəxslər barəsində qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbirləri görülür. Bu halda şəxslər 30 manatdan 100 manatadək məbləğdə cərimə olunur (müvafiq hallarda daha çox da ola bilər).