London, 7 may, AZƏRTAC
ABŞ-ın qida çatdırılması sahəsində fəaliyyət göstərən “DoorDash” şirkəti Böyük Britaniyanın tanınmış çatdırılma platforması “Deliveroo”nu 2,9 milyard funt sterlinqə almaq barədə razılıq əldə edib.
AZƏRTAC “Guardian”a istinadla xəbər verir ki, bu alqı-satqı şirkət əməkdaşları üçün təxminən 66 milyon funt dəyərində gəlir vəd edir. 2013-cü ildə Uill Şu və Qreq Orlovski tərəfindən Londonda təsis olunan “Deliveroo”nun keçmiş və hazırkı işçiləri ümumilikdə 36,5 milyon səhmə sahibdirlər. Bu da, razılaşma baş tutarsa onların 65,7 milyon funt sterlinq gəlir əldə etməsinə imkan verəcək. Təsisçi Uill Şu isə şirkətdəki 6,4 faiz payına görə 172 milyon funt gəlir əldə edəcək.
Uill Şu bu razılaşmanı dəyişikliklərlə dolu yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London