AZ

WSJ: ABŞ Qrenlandiyada kəşfiyyatı gücləndirir

BAKI, 7 may. TELEQRAF

ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasını aktivləşdirib.

Teleqraf “The Wall Street Journal” (WSJ) qəzetinə istinadən xəbər verir ki, bu, Vaşinqtonun adanı ələ keçirmək planları ilə bağlı ola bilər.

Məlumata görə, ötən həftə ABŞ Milli Kəşfiyyatının yüksək rütbəli əməkdaşları xüsusi xidmət orqanlarına məxfi göstəriş göndəriblər. Mərkəzi Kəşfiyyat İdarəsinə, Milli Təhlükəsizlik Agentliyinə və digər qurumlara ünvanlanan sənəddə Qrenlandiyada müstəqillik və ABŞ-nin mümkün resurs hasilatı ilə bağlı əhval-ruhiyyəni öyrənmək tapşırılıb.

Nəşr qeyd edir ki, bu direktiv ABŞ Prezidenti Donald Trampın ada üzərində nəzarəti ələ keçirmək planlarının həyata keçirilməsinə yönəlib. Müəllif hesab edir ki, bu hərəkətlər ABŞ liderinin niyyətinin ciddi olduğunu göstərir.

"Prezident Qrenlandiya və Arktikanın təhlükəsizliyi ilə bağlı narahatlığını aydın şəkildə ifadə edib", - Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ceyms Hyuitt nəşrə bildirib. ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard isə WSJ-ni "məxfi məlumatları açıqlamaqda" ittiham edib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl dəfələrlə bəyan edib ki, Danimarkanın tərkibində muxtariyyət olan Qrenlandiya ABŞ-a birləşdirilməlidir. O, bu məsələnin həlli üçün hərbi güc tətbiq etmək imkanını da istisna etməyib. Bu ilin yanvar ayında Qrenlandiyada keçirilən sorğu isə ada əhalisinin yalnız 6%-nin ABŞ-nin tərkibinə daxil olmağın tərəfdarı olduğunu göstərib.

Seçilən
0
teleqraf.com

1Mənbələr