AZ

Bakıda tikilən yeni hava limanı nə vəd edir? -

Hazırda Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir. Bu hava limanı sərnişindaşıma üçün də istifadə olunacaq. Sabiq millət vəkili, iqtisadçı Vahid Əhmədov Metbuat.az-a açıqlamasında Ələt İqtisadi Zonasında hava limanının açılmasını müsbət və uğurlu addım olaraq qiymətləndirib. O söyləyib ki, bu zona xüsusi statusa malikdir və burada həyata keçirilən işlər kifayət qədər yüksək səviyyədədir: “Ələt İqtisadi Zonası təcrübəli mütəxəssis olan köhnə həmkarımız Valeh Ələsgərovun rəhbərliyi ilə fəaliyyət göstərir. O, uzun müddət neft şirkətində çalışıb və Azərbaycanla xarici ölkələr arasında imzalanmış kontraktlarda, xüsusilə də cənab İlham Əliyevlə birlikdə mühüm rolu olub. Onun bu sahədəki təcrübəsi və rəhbərliyi altında həyata keçirilən işlər çox uğurludur. Milli Məclisin deputatı olduğum dövrdə İqtisadi siyasət komitəsi olaraq həmin əraziyə səfər etmişdik. Orada aparılan təqdimat və tanıtım çox təsiredici olmuşdu. Həmin ərazi həqiqətən də böyük potensiala malikdir. Ələt İqtisadi Zonası həm Azərbaycanın iqtisadi həyatında, həm də yük və sərnişin daşımaları baxımından strateji əhəmiyyət daşıyır. Bu, ilk növbədə, onun dənizə və limana yaxın yerləşməsi ilə əlaqədardır”. V.Əhmədov qeyd edib ki, xüsusilə son dövrlərdə ölkəyə gələn turistlərin sayının artması fonunda hava limanının fəaliyyətə başlaması həmin bölgədə müsbət emosional və iqtisadi təsir yaradacaq. Turistlər birbaşa iqtisadi zonaya enərək, həmin ərazi ilə yaxından tanış ola biləcəklər: “Ümumiyyətlə, Ələt İqtisadi Zonası genişmiqyaslı layihədir və düşünürəm ki, onun uğurla istifadəyə verilməsi nəticəsində ölkədə yeni iqtisadi zonaların yaradılmasına ehtiyac ola bilər. Naxçıvanda bu istiqamətdə artıq xüsusi qərar qəbul olunub və müəyyən işlər görülür. Yaxşı olardı ki, həm şimal (Rusiya ilə sərhəd), həm də cənub (İranla sərhəd) bölgələrində də bu cür iqtisadi zonalar yaradılsın. Dünyada elə ölkələr var ki, onların iqtisadiyyatının 30-35 faizi məhz iqtisadi zonalar vasitəsilə formalaşır. Mən əminəm ki, Ələt İqtisadi Zonası Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynayacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
metbuat.az

1Mənbələr