Azərbaycan Prezidenti İlham Əliyevin həm beynəlxalq tədbirlərdə verdiyi açıqlamalar, həm də müsahibələrində irəli sürdüyü tezislər hər zaman analitiklərin diqqət mərkəzində olub. Bu baxımdan ölkə başçısının Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi maraqla izlənildi. Müsahibədə ifadə olunan fikirlər Azərbaycan- Vyetnam münasibətlərini tam şəkildə ifadə etməklə yanaşı, ölkəmizin qlobal arenadakı mövqeyini də dolğun əks etdirdi.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O bildirib ki, Azərbaycan liderinin qeyd etdiyi kimi ölkələrimizi yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Prezident İlham Əliyev 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-də səfərdə olduğunu və keçmiş ittifaqın rəhbərlərindən olan Ulu öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfər etdiyini diqqətə çatdırdı. Bütün bunlar isə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi əhəmiyyət daşıdı.
Bununla yanaşı dövlətimizin başçısı vurğuladı ki, 2014-cü ildə Vyetnam Sosialist Respublikasına dövlət səfəri və ardınca 2015-ci ildə cənab Çıonq Tan Şanqın ölkəmizə gəlişi münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Həmin vaxt Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Bu da müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi və inkişafı baxımdan effektli alındı. Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının yaradılması, siyasi məsləhətləşmələr, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti, beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığımız fonunda münasibətlər arzulanan səviyyədə davam edir.
Prezident İlham Əliyev müsahibəsində bir daha bəyan etdi ki, ölkəmiz Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir. Statistik göstəriciləri şübhəsiz ki, nikbindir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub, bu göstəriciləri gələcəkdə də artırmaq üçün ciddib potensial var və neft sahəsində də qarşılıqlı fəaliyyət mövcuddur. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanan müqavilə qeyd olunanların təsdiqidir. Təkcə iqtisadi sektorda deyil, bütövlükdə Azərbaycanla Vyetnam arasında münasibətlərin bütün əsas sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamda fəal surətdə layihələr həyata keçirdiyini, fondun vitse-prezidenti Leyla Əliyevanın dost ölkəyə səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, o cümlədən, Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünü xatırladaraq bunun ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığını diqqətə çatırdı.
Deputat yekunda qeyd edib ki, Vyetnam liderinin Azərbaycana qarşıdakı səfəri xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müsahibədə söylədiyi kimi bu səfəri Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar və münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.