Azərbaycan Basketbol Liqasının final seriyasının 3-cü oyunu üzrə keçirilən "Sabah" - "Neftçi" qarşılaşması başa çatandan sonra insident yaşanıb. 

Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın oyunçusu Trevor Duvalın matçın bitməsinə 6 saniyə qalmış "Sabah"a qələbə gətirəcək xalları qayda pozuntusu səbəbindən qeydə alınmayıb. Bunu həzm edə bilməyən basketbolçu matç bitəndən sonra parketdən çıxıb, formasını yerə tullayıb. Bu anda "ağ-qaralar"ın oyunçusu Vante Hendriks onu sakitləşdirməyə çalışıb və formanı yerdən götürərək T.Duvala qaytarıb. 

Lakin hadisələr bununla da yekunlaşmayıb. "Neftçi"nin fan-qrupu qələbəni bayram edərkən T.Duval bu dəfə formasını azarkeşlərə fırladıb. Bundan sonra tərəfləri sakitləşdirmək üçün araya xeyli şəxs girməli olub. Trevoru "ağ-qaralar"ın məşqçisi Daviti Çivçivadze azarkeşlərdən uzaqlaşdırıb. "fan-qrup" isə basketbolçunun onları təhqir etdiyini bildirib. 

Qeyd edək ki, ümumi hesabda "Sabah"ın 2:1 hesabı ilə öndə olduğu seriyanın üçüncü qarşılaşmasında "Neftçi" 79:76 hesabı ilə qalib gəlib.