AZ

Ukrayna mayın 9-da Moskva yerinə Rusiyanın digər regionlarına hücum edə bilər – "The Washington Post"

"Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri Moskvaya yönəldilib..."
 
Ukraynanın mayın 9-da Moskvaya zərbəsi Vaşinqtonu qəzəbləndirə bilər. Əgər Ukrayna hücuma qərar versə belə, uğur şansı azdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə istinadla yazır.
 
Nəşr yazır ki, narahatlıqlara baxmayaraq, ukraynalılar mayın 9-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək paradda hücumun baş verəcəyini az ehtimal edir. 
 
Qeyd olunur ki, Rusiyada Ukraynanın bu fürsətdən istifadə edərək Kremlə öz müttəfiqləri qarşısında çətin vəziyyət yaratmağa çalışacağı barədə ehtimallar artır.
 
Lakin Ukrayna müdafiə qüvvələrinin yüksək rütbəli nümayəndəsi nəşrə bəyan edib ki, uğur şansının az olması səbəbilə belə bir cəhdin baş verməsi inandırıcı deyil.
 
"Ora baxsanız, görərsiniz ki, Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri Moskvaya yönəldilib. Cəhd olsa belə, uğurlu olmayacaq. Ola bilsin, Ukrayna Moskvaya deyil, başqa regionlara zərbə endirsin", - o, deyib.
 
Müdafiə qurumundan başqa bir nümayəndə əlavə edib ki, Çin, Hindistan və hətta Avropadan rəsmi şəxslərin qatılacağı Qırmızı Meydandakı tədbirə hücum Rusiyanın cavab tədbirləri ilə yanaşı, Vaşinqtonun da qəzəbinə səbəb ola bilər. O, Ukraynanın hücum planlaşdırdığı barədə iddiaları "şişirdilmiş" adlandırıb.
 
Moskvaya zərbələr
 
Son iki gündə Ukraynanın Moskvaya hücumları şəhərdəki və digər regionlardakı hava limanlarının bağlanmasına səbəb olub. Moskvanın dörd hava limanı -
Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski dronlarla gecə hücumlarına görə çərşənbə axşamı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
 
Ukrayna Rusiyaya qarşı dron hücumlarına müntəzəm olaraq 2023-cü ilin yazından başlayıb, iddialara görə, iki dron Kreml ətrafına qədər çatıb, amma vurulub. O vaxtdan bəri Kiyev əsasən Rusiyanın Moskvadan kənardakı neft anbarlarını və hərbi obyektləri hədəfə alır. Bəzən paytaxtdakı obyektlər də hədəf seçilir, amma ciddi nəticə vermir.
 
Moskva meri Sergey Sobyanin bəyan edib ki, səhər saatlarında Moskvaya yaxınlaşan 19 dron hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Onun sözlərinə görə, insident nəticəsində itki və ciddi dağıntı olmayıb. Moskvada hava hücumundan müdafiə sistemi tərəfindən vurulan dronun qalıqları "Kaşirskaya" metro stansiyası yaxınlığında, Kremlə təxminən 11 kilometr məsafədə yerləşən yaşayış binasının üzərinə düşüb.
Seçilən
0
1
moderator.az

4Mənbələr