AZ

Tramp Kanadanın baş naziri ilə görüşdü

ABŞ Prezidenti Donald Tramp və Kanada Baş naziri Mark Karni 6 may tarixində Vaşinqtonda, Ağ Evdə Oval kabinetdə görüşüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Tramp görüş zamanı Kanada ilə tariflərə dair razılığın olmayacağını işarə edib.

Bir jurnalist Trampdan soruşub ki, Karni onun tariflərlə bağlı fikrini dəyişə bilərmi? Tramp isə sadəcə "Xeyr" cavabını verib. "Sadəcə vəziyyət belədir," - deyə əlavə edib.

Ağ Evə qayıtdıqdan sonra Tramp Kanada mallarına qarşı 250%-lik süd məhsulları tarifi də daxil olmaqla bir sıra yüksək tariflərlə hədələyib. Hal-hazırda ABŞ-a ixrac olunan əksər Kanada məhsulları ABŞ-Meksika-Kanada Sazişinə uyğun gəlmirsə, 25% tarifə məruz qalır. Eyni zamanda polad, alüminium, avtomobillər və onların hissələrinə də 25% tarif tətbiq olunur.

Kanada isə cavab olaraq, təqribən 43 milyard dollar dəyərində ABŞ məhsullarına - o cümlədən viski, idman ləvazimatları və məişət texnikasına tariflər tətbiq edib.

Karnini səfər çərçivəsində beynəlxalq ticarət naziri Dominik Leblan, xarici işlər naziri Melani Coli, ictimai təhlükəsizlik naziri Devid Makqinti və başqa şəxslər də müşayiət edirlər.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
0
1
milli.az

2Mənbələr