“Çelsi”də çıxışı ilə məşhur, hazırda “Fulhem”də çıxış edən 36 yaşlı braziiyalı cinah hücumçusu Villian “qoca yaşında” gündəmə gəlib.
Arena.az məlumat verir ki, o, İngiltərə Premyer Liqasında ən çox oyun keçirmiş cənubiamerikalı futbolçu ünvanına sahib olub.
Təcrübəli hücumçu müvafiq rekordunu Premyer Liqanın “Aston Villa” ilə 35-ci tur səfər oyununda (0:1) gerçəkləşdirib.
Braziliyalı futbolçu İngiltərə Premyer Liqasında ümumilikdə 326 oyun keçirib. Bu oyunların böyük əksəriyyətini o, bir vaxtlar oynadığı “Çelsi” ilə keçirib – 234 oyun. Villian hazırda çıxış etdiyi “Fulhem”in heyətində Premyer Liqada 67 oyun, əvvəl çıxış etdiyi “Arsenal”ın heyətində isə 25 oyun keçirib.
Göründüyü kimi, təcrübəli oyunçu şəxsi nailiyyətini daha da yaxşılaşdıra bilər.
Villian “Korintians”ın məzunudur, böyük futbolda debütə qədər “Mauaense”də də icarədə oynayıb, ardınca “Korintians”la böyük futbol səhnəsində debüt edib.
Karyerası ərzində Villian Donetsk “Şaxtyor”u, Mahaçqala “Anji”si, “Çelsi”, “Arsenal” və Pirey “Olimpiakos”unda oynayıb.
“Fulhem”də Villian 2022-2024-cü illərdə çıxış edib, 2025-ci ilin fevral ayında isə yenidən “bağçılar”ın düşərgəsinə qayıdıb – “Olimpiakos”dan ayrılaraq, azada agent qismində. Braziliyalı futbolçunun London təmsilçisi ilə müaviləsinin müddəti cari ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Villian “Fulhem” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 11 oyun keçirib.
Villianın “bağçılar”ın heyətindəki çıxışının ümumi mənzərəsi 78 oyun, 10 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
Villian 2011-ci ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 70 oyun keçirib, 9 qol vurub, 15 məhsuldar ötürmə verib.
Villianın qənimətlər muzeyində “Şaxtyor”la Ukrayna çempionluğu (5 dəfə), Ukrayna Kuboku (4 dəfə), Ukrayna Super Kuboku (2 dəfə), UEFA Kuboku; “Çelsi” ilə İngiltərə çempionluğu (2 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, Avropa Liqası; “Olimpiakos”la Yunanıstan çempionluğu var. Həmçinin Villian Braziliya millisi ilə Amerika Kubokunun (2019) qalibi olub.
Villian eləcə də çoxsaylı fərdi mükafatlara layiq görülüb.
“Transfermarkrt” internet-portalı 36 yaşlı veteran hücumçunun trasnfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.