AZ

Paşinyan iqtidarı ilk dəfə Rusiyaya qarşı “casus ittihamı” irəli sürdü...


Məhəmməd Əsədullazadə: “Köçəryanın əsas planı nəyin bahasına olursa-olsun Paşinyanı devirməkdir”

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin keçmiş prezidenti Robert Köçəryanı Rusiyanın casusu olmaqda ittiham edib:

“Hesab edirəm ki, Robert Köçəryan Ermənistan Respublikasında rus casusu statusuna malik şəxsdir. O, Rusiyanın maraqlarını güdən və yalnız bu istiqamətdə xidmət göstərən siyasi xadimdir. Mən onun fəaliyyətini, verdiyi bəyanatları görürəm və bu, mənim siyasi qiymətimdir. Siz Rusiyanın bəyanatları ilə eyni olan bəyanat verəndə, sizin fraksiyanızın üzvləri Rusiya tərəfinin fikirləri ilə üst-üstə düşən çıxışlar edəndə mən belə bir nəticəyə gələ bilərəm. Heç kimə sirr deyil ki, Köçəryan tərəfindən dəstəklənən və onu siyasi lideri hesab edən Gümrü şəhəri meri Ermənistanı Rusiya-Belarus ittifaqının bir hissəsi olaraq gördüyünü açıqlayıb”.

Prinsipcə, Köçəryanın Rusiya agenti olması barədə deyilənlər təəccüblü deyil. Təəccüblü olan odur ki, Ermənistanda hökumətdə üçüncü şəxs ilk dəfə Rusiyaya qarşı rəsmən cəsus ittihamı ilə çıxış edir.

“Simonyanın açıqlaması Rusiya-Ermənistan əlaqələrində nə qədər siyasi böhran olduğunu ortaya qoyur”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca müxalifət fəallaşır: “Xüsusilə sabiq prezident Robert Köçəryanın bu günlərdə Moskvaya səfəri və orada apardığı gizli danışıqlar bunun tərkib hissəsidir. Bu, Ermənistan hakimiyyətində ciddi narahatçılığa səbəb olub. Demək olar ki, Köçəryanla Sarkisyan bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərirlər. Müxtəlif vasitələrlə Paşinyanı devirmək üçün variantları nəzərdən keçirirlər. Hətta “Şərəfim var” fraksiyası da parlamentdə Paşinyana qarşı impiçment prosedurunu başlamaq istiqamətində addımlar atmağa başlayıb. Köçəryanın əsas planı nəyin bahasına olursa-olsun Paşinyanı devirməkdir. Rusiya da əsasən ona çox ciddi dəstək verir. Parlament spikeri Alen Simonyanın Köçəryanı Rusiya agenti kimi qiymətləndirməsi təsadüfü deyil. Bu, onu göstərir ki, Rusiyanın Ermənistanda geniş cəsus şəbəkəsi mövcuddur. 2021-ci ilin iyununda Rusiya Paşinyanı devirə bilmədi. Çünki həmin dövrdə erməni cəmiyyətində anti-Rusiya ovqatı güclü idi. Üstəlik, Demokratlar Partiyası ABŞ-da hakimiyyətdə idi. Bayden administrasiyası Paşinyanı qoruyurdu. Bu dəfə situasiya fərqlidir. Həm Paşinyanın cəmiyyətdə reytinqi aşağı düşüb, həm də Trampın timsalında ABŞ-da Respublikaçılar Partiyası hakimiyyətdədir. Bütün bunlar Ermənistanda revanşist qüvvələri ruhlandırır. Rusiya hələ ki, Simonyanın açıqlamasını susqunluqla qarşılayır. Ancaq istənilən halda Simonyanın məlum açıqlaması Rusiya-Ermənistan əlaqələrində nə qədər siyasi böhran olduğunu ortaya qoyur. Proseslər belə davam edərsə, Simonyandan sonra Paşinyan da Rusiyanı açıq ittiham edəcək. Çünki hələ seçkiyə bir il var, amma Rusiya öz təzyiq rıçaqlarını indidən işə salıb”.

Vidadi ORDAHALLI

Seçilən
0
1
baki-xeber.com

2Mənbələr