Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinə yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan final qarşılaşmasından öncə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həlledici oyunda Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin komandaları qarşılaşıb. Maraqlı keçən oyun Ədliyyə Nazirliyinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da qurum ardıcıl ikinci dəfə turnirin qızıl medallarına sahib olub.
Üçüncü yer uğrunda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Daxili İşlər Nazirliyinin komandaları üz-üzə gəlib. Əsas vaxt 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan DİN bürünc medalları qazanıb - 4:1.
Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Yarışda ümumilikdə 39 kollektiv iştirak edib.