ABŞ Prezidenti Donald Tramp ölkəyə daxil olan xarici filmlərə 100 faiz vergi tətbiq edəcəyini açıqlayıb. Mətbuatda yayılan məlumata görə, ABŞ prezidenti bildirib ki, Amerikada Kino sənayesi çox sürətlə ölür və digər ölkələr amerikalı kinorejissorlar və studiyaları ABŞ-dan uzaqlaşdırmaq üçün müxtəlif stimullaşdırıcı təkliflər edirlər.
“Hollivud və ABŞ-ın bir çox digər əraziləri məhv olub. Bu, digər xalqların birgə səyi nəticəsində baş verib və deməli, milli təhlükəsizlik üçün təhdiddir. Buna görə də, mən Ticarət Departamentinə və Birləşmiş Ştatların Ticarət Nümayəndəliyinə xaricdə istehsal olunan və ölkəmizə gələn bütün filmlərə 100 faiz tarif tətbiq etmək prosesinə dərhal başlamağı tapşırıram. Biz yenə Amerikada çəkilmiş filmlər istəyirik”, - deyə o əlavə edib.
Trampın antikino demarşları Azərbaycan kinematoqrafiyasına hər hansı bir təsiri göstərəcək, ya yox?
Ayaz Salayev: “Azərbaycan kinematoqradiyasına heç bir təsir göstərə bilməz”
Kinoşünas Ayaz Salayev “Bakı-Xəbər”ə bildirdi ki, Trampın bu qərarının Azərbaycanla heç bir əlaqəsi yoxdur. “Məncə, ABŞ prezidentinin bu qərarı Azərbaycan kinematoqradiyasına heç bir təsir göstərə bilməz. Qətiyyən. Bizim kinematoqrfiya ilə Ameriak kinematoqrafiyası arasında yerlə ay qədər məsafə var. Burda mən heç bir təsir görmürəm.
Bizim kinonun Amerika ilə heç bir əlaqəsi yoxdur.
Milli kinonu yaratmaq haqqında düşünmək lazımdır”.
Emin Quliyev: “İnanmıram ki, bu bizə nəsə təsir göstərsin”
Kino prodüsser Emin Quliyev də “Bakı-Xəbər”ə bildirdi ki, nə Azərbaycandan Amerikaya, nə də Amerikadan Azərbaycana çəklişə gedənlər var. “Varsa da bu epizodik xarakter daşıyır. Mənim yadıma gələn bir layihədir ki, illər əvvəl gedib Amerikada iki-üç günlük çəkiliş etmişdilər. Deyə bilmərik ki, Amerikadan bura külli miqdarda layihə gəlir və bu da bizə hansısa təsir göstərə bilər. İnanmıram ki, bu bizə nəsə təsir göstərsin. Amerikadan bura çox nadir hallarda çox kiçik televiziya layihəsi çəkmək üçün gəlirlər. Bizim kinematoqrafiya sahəsində ABŞ-la əlaqələrimiz demək olar ki, yoxdur.
Azərbaycana Pakistan, Hindistan, Rusiya, Ukrayna kimi ölkələr gəlir. Əgər bu ölkələrdə bu sahədə hansısa bir probelm çıxsaydı, bəli bu bizə təsir göstərə bilərdi. Onlar daim gələn müştərilərdir. Amma bizim ABŞ-la kino, reklam layihələri ilə bağlı o qədər də əlaqələrimiz yoxdur” - deyə E.Quliyev bildirdi.
Akif Nəsirli: “ABŞ və Azərbaycan kinematoqrafiyası arasında...”
Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli məsələyə iqtisadi baxımdan yanaşdı. “Məsələnin iqtisadi tərəfi ondan ibarətdir ki, Tramp bütün sahələrdə ölkənin daxili potensialını gücləndirmək, dirçəltmək istəyir. Yəni bu gün Amerikanın daxili bazarında onun öz məhsulu yoxdur. Hamısı xaricdən gəlir.
Kino sahəsində də ABŞ idxal məhsullarından istifadə edir. Ona görə də Tramp bütün sahələrdə eyni istiqadi strategiyanı irəli sürür. O, bütün xarici məhsullara, o cümlədən də kinoya rüsum, vergi tətbiq etməklə onların ABŞ-a idxalının qarşısını alır ki, öz fikmləri dirçəlsin. Amerikanın kino sənayesi inkişaf etmişdi, Hollivud vardı və bütün dünya Hollivud filmlərinə baxırdı. Amma bu gün Hollivudda kino istehsalı problem var.
O ki, qaldı bu məsələnin Azərbaycan kinosuna təsirinə, bilirik ki, bizim filmlərmiz çox məhdud şəkildə dünya arenasına çıxır. Bizim bəlkə də barmaqla sayılacaq qədər filmimiz ABŞ kino bazarına gedib çıxmayıb. Ona görə də Trampın bu qərarını Azərbaycan kinematoqrafiya sahəsinə demək olar ki, heç bir təsiri yoxdur. Əgər ABŞ və Azərbaycan kinematoqrafiyası arasında əməkdaşlıq əlaqələri olsaydı biz hansısa təsirlərdən danışa bilərdik.
ABŞ daxil olmaqla iri dövlətlər öz kino sənayesinin qayğısına qalırsa, biz də onlardan nümunə götürüb kinomuzu inkişaf etdirib dünya bazarına çıxarmalıyıq. Bizim filmlər ABŞ bazarında niyə olmasın ki? Kino sahəsində güclü ənənələrimiz var və biz bu sahəni dirçəltməyə çalışmalıyıq. Bilirsi ki, dövlət kinoya kifayət qədər vəsait ayırır. Düzdür, Azərbaycanda hələ ki, kino pul qazana bilmir, ancaq dövlət dəstəyi var. Bizimkilər ABŞ-dan nümunə götürməlidir. Bunun bizim kinoya iqtisadi təsiri olmasa da, psixoloji təsiri ola bilər. Azərbaycan kinematoqrafçıları bu qərardan nümunə götürüb kinomuzu inkişaf etdirməlidirlər” - deyə A.Nəsirli vurğuladı.
İradə SARIYEVA