Qahirə, 6 may, AZƏRTAC
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi bu ölkənin Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə, Azərbaycan səfiri Elxan Poluxov, əl-Qanatır əl-Xeyriyyə şəhərinin meri Əhməd Əbu Bəkr, Azərbaycan icmasının üzvləri, yerli mətbuat nümayəndələri və ziyalılar iştirak ediblər.
Qalyubiyyə qubernatoru Misirlə Azərbaycan arasında qədim tarixi əlaqələrin olduğunu vurğulayıb və xalqımızın Ümummilli Lideri Heydər Əliyevə və dost Azərbaycan xalqına yüksək ehtiramını ifadə edib. O, Heydər Əliyevi “müasir Azərbaycanın dirçəlişinin memarı” adlandıraraq, bu adı uzaqgörən liderliyi, dərin vətən sevgisi və müdrikliyi ilə əldə etdiyini deyib.
Qubernator, eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Azərbaycanın Abşeron rayonu ilə qardaşlaşmış Qalyubiyyə vilayətinin dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirməyə sadiq olduğunu bildirib.
Öz növbəsində, Azərbaycan səfiri Elxan Poluxov Qalyubiyyə vilayətinin rəhbərliyinin Misir-Azərbaycan Dostluq Parkına göstərdiyi diqqəti yüksək qiymətləndirib. Diplomat vurğulayıb ki, mərhum lider Heydər Əliyev tərəfindən 1994-cü ildə əsası qoyulan ikitərəfli münasibətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişlənib və inkişaf edib. Qeyd olunub ki, Heydər Əliyev Misirlə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib və bu, hər iki ölkənin müxtəlif vilayətləri arasında imzalanan qardaşlıq sazişlərində öz əksini tapıb.
Çıxışlardan sonra tədbir iştirakçıları parkda yerləşən kitabxanada Ulu Öndərə və Azərbaycana həsr edilmiş materiallarla tanış olublar.
Daha sonra Ulu Öndər Heydər Əliyevin parkdakı abidəsi önünə əklil və tər çiçəklər qoyulub.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə