AZ

“Mənşə yuyulması” oyunu

Çinli ixracatçılar ABŞ-ın Çin mənşəli məhsullara tətbiq etdiyi yüksək tariflərdən yayınmaq üçün müxtəlif üsullardan istifadə edirlər.

“The Financial Times”ın ticarət məsləhətçilərinə, gömrük rəsmilərinə və sosial media yazılarına istinadən verdiyi məlumata görə, bu üsullar arasında ən əsası “mənşə yerinin yuyulması” kimi tanınan bir təcrübədir.

Məlumata görə, Çin ixracatçıları öz məhsullarını Malayziya, Vyetnam, Tailand və Cənubi Koreya kimi ölkələr vasitəsilə göndərərək bu ölkələrin mənşə sertifikatları ilə ABŞ-a təkrar ixrac edirlər. Bu yolla Çin məhsulları ABŞ-ın tətbiq etdiyi 145 faizə qədər tariflərdən yayınır.

Bu əməliyyatlar Çin sosial media platformalarındakı reklamlarla da açıq şəkildə təşviq edilir.

Malayziyalı satıcılardan biri “The Financial Times”a, "ABŞ bunu bilməlidir. Biz sifarişlərin sayına nəzarət edirik ki, işlər nəzarətdən çıxmasın”, – deyib.

***

Təcrübə üzə çıxandan sonra sözügedən ölkələr hərəkətə keçib. Malayziya, Vyetnam və Tayland səlahiyyətlilərinin bu cür mənşəli yuyulma proseslərini araşdırdıqları və mənşə sənədlərinə ciddi nəzarət tətbiq etməyə hazırlaşdıqları bildirilir.

Çinli ixracatçılar əsasən FOB (Free on Board) modeli üzərində işləyirlər. Bu modeldə məhsullar Çin limanından çıxanda məsuliyyət alıcıya keçir və bu da Çin tərəfində birbaşa ABŞ yoxlamalarını çətinləşdirir.

Bundan başqa, Çin şirkətləri yüksək vergili məhsulları aşağı vergili mallarla qarışdıraraq gömrük dəyərini aşağı salmağa da əl atırlar. Kiçik və orta biznesə belə “boz sahə” həlləri təklif etdiyi deyilən vasitəçilər də var.

Çinin Ticarət Nazirliyi keçən həftə ABŞ-la ticarət danışıqları aparmağa hazır olduğunu bildirsə də, “səmimi dialoq” üçün tariflərin qaldırılmalı olduğunu təkrarladı.

Seçilən
0
vaxt.az

1Mənbələr