Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komandasının baş məşqçisi Elşən Quliyev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirindəki çıxışlarını uğurlu hesab edib.
O, "Report"a açıqlamasında həlledici görüşdə həyəcanı yenə bilmədiklərini söyləyib.
Komanda rəhbəri rəqibin daha təcrübəli olduğunu qabardıb:
"Əsas olan finalda iştirak idi. Çempionat uğurla başa çatdı. Ədliyyə Nazirliyinin komandasını təbrik edirəm. Həyəcanımızı yenə bilmədik. Çempionat ərzində bir dəfə də məğlub olmamışdıq. Rəqibin təcrübəsi daha çox idi. Ötən il çempion olmuşdular. Bu dəfə də uğur onların tərəfində oldu. Ümidvaram ki, növbəti turnirlərdə daha yaxşı nəticə əldə edərik".
Qeyd edək ki, turnirin qalibi Ədliyyə Nazirliyinin komandası olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi ikinci, Daxili İşlər Nazirliyinin təmsilçisi isə üçüncü yeri tutub.