Kiyev, 6 may, AZƏRTAC
Ukrayna Ali Radasının Beynəlxalq siyasət komitəsi Ukrayna və Amerika Birləşmiş Ştatları arasında yerin təkinə dair sazişin ratifikasiyasını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Telegram”da deputat Yaroslav Jeleznyak yazıb.
Növbəti addım sənədin parlamentin iclasında ratifikasiyası olacaq ki, bu da sazişlərin praktiki həyata keçirilməsinə yol açacaq. Jeleznyak bunun mayın 8-də olacağını qeyd edib.
Deputatın sözlərinə görə, komitənin qərarının mətninə belə bir təklif daxil edilib: “Bərpa Fondunun yaradılmasına dair hər hansı əlavə sazişlər bu Sazişə zidd ola bilməz. Bu müqavilə Ukraynanın bütün ərazisində beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində etibarlıdır”.
Yaroslav Jeleznyak aydınlaşdırıb ki, komitə iclasında 11 səs “lehinə” olub, bir nəfər bitərəf qalıb, daha iki nəfər səsvermədə iştirak etməyib.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna ilə ABŞ arasında yeraltı sərvətlərə dair saziş imzalanıb. Bu sənəd Ukraynada təbii sərvətlərin çıxarılması layihələrindən royalti, lisenziya haqları və digər oxşar ödənişlərin 50 faizini alacaq investisiya fondunun yaradılmasını nəzərdə tutur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev