Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri hələ də diplomlarını ala bilmirlər.
Xezerxeber.az-ın məlumatına görə, 2023-2024-cü il Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının məzunları deyir ki, 2 ildir diplom üzünə həsrət qalıblar.
Onlar “Xəzər Xəbər”ə bildiriblər ki, Azərbaycan Dövlət İqtisad Universitetinin özündə imtahan verərək Dərbəd filialına qəbul olublar. Bəziləri isə başqa universitetlərdən transfer ediliblər. İndi isə aqibətlərinin necə olacağını bilmirlər.
Məzunların valideynləri də deyir ki, problemlə bağlı dəfələrlə həm universitetə, həm də Elm və Təhsil Nazirliyinə müraciət etsələr də heç nə dəyişməyib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetindən “Xəzər Xəbər”ə bildirildi ki, Dərbənd filialından normativ tədris müddətini uğurla bitirmiş tələbələrin məzun olduqları barədə əmrləri universitet tərəfindən verilib. Məzun olmuş tələbələrə diplom blanklarının verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə lazımi sənədlər təqdim edilib. Nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və bu günə qədər diplom blankları universitetə təqdim olunmayıb. Blanklar universitetə təqdim olunan andan məzunlara diplomlar veriləcək.
Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, bu məsələ ilə bağlı açıqlama verə biləyəcəklər. Elə tələbələr də bildirir ki, nazirlikdən onlara deyiblər ki, diplom almaq üçün blank verilməyəcək. Bəs məsələ necə həllini tapacaq?
Təhsil eksperti Rizvan Fikrətoğlu deyir ki, diplomun hansı səbəbə verilməməsi əsaslandırılmalıdır. Əks halda bu, tələbələrin hüquqlarının pozulmasıdır. İndiki vəziyyətdə məhkəməyə müraciət etmək onların hüququdur. Məhkəmədə iddia qaldırıldıqdan sonra məsələ araşdırılıb, bununla bağlı yekun qərar veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.