AZ

“Bu səbəbdən Moskva hərdən çalışır ki, Bakıya xoş söz desin, hərdən də hansısa təzyiq vasitələrinə əl atır...”

“Dərindən təhlil edəndə Rusiyanın Azərbaycanı birbaşa təzyiq altında saxlaması üçün yeganə təsirli silahı Qarabağ münaqişəsi idi...”
 
Son günlər Rusiya imperiyası yenə də Azərbaycana qarşı əndrəbadi siyasi gedişlər etməyə başlayıb. Bir yandan onun diktator rəhbəri Vladimir Putin prezident İlham Əliyevi Moskvaya – 9 may paradına dəvət edir, bir yandan Rusiya patriarxı Kirill Bakıya gəlib vitse-prezident Mehriban Əliyevaya orden verir, Azərbaycanı müqəddəs məkan adlandırır, digər yandan isə Rusiyaya Heydər Əliyevin doğum günü ilə bağlı tədbirlərə yollanan Milli Məclis deputatını deport edərək geri göndərir... Hələ Azərbaycan sərnişin təyyarəsinin üzərindən artıq 5 aydan çox vaxt keçən 25 dekabr faciəsi müqabilində Kremlin rəsmi Bakının, demək olar ki, heç bir tələbini yerinə yetirməməsindən danışmırıq...
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə bunları dilə gətirdi:
 
“Bilirsiz, bütün iri, kolonialist dövlətlər özlərindən asılı saydığı dövlətlərlə bağlı siyasətlərində iki üsula üstünlük verirlər: kökə və qamçı...
Vəssalam... Kökə vermək üçün dillərinin altına qənd qoyurlar, başlayırlar tərifləməyə, dostluqdan danışmağa- qamçı ilə də vururlar ki, cızığını bil, cızığından çıxma... Özü də hesab edirəm ki, Rusiyanın bu siyasəti bütövlükdə Azərbaycan xalqıyla yox, bizim hakim zümrə ilə bağlıdır. Əlbəttə,  bunun adi vətəndaşlara da təsiri olur, şübhəsiz... Məsələn, Azərbaycan rəhbərliyi ilə münasibətlər pisləşəndə Kreml də Rusiyada yaşayıb-işləyən azərbaycanlılara qarşı münasibətini sərtləşdirir. Bu da sözsüz ki, həmin soydaşlarımızın yolladığı pullar hesabına dolanan ailələrimizin dolanışığına da təsir edir. Ruslar bununla guya Azərbaycan rəhbərliyinə təzyiq edirlər...
 
Kremlin “kökə və qamçı” siyasətinə keçməsi onu göstərir ki, Rusiyanın keçmişdəki kimi Azərbaycana qarşı amiranə siyasəti məhdudlaşıb. Ona görə Moskva hərdən çalışır ki, Bakıya xoş söz desin, hərdən də hansısa təzyiq vasitələrinə əl atmağa cəhd göstərir. Amma dərindən təhlil edəndə Rusiyanın Azərbaycanı birbaşa təzyiq altında saxlaması üçün yeganə təsirli silahı Qarabağ münaqişəsi idi. Yəni “Qarabağdakı separatçı qurumu tanıyaram”, “Ermənistana hərbi yardımı artıraram”, “Özüm Azərbaycana qarşı müharibəyə qoşularam” və s. kimi təhdidlər vaxtilə rəsmi Bakının siyasətinə çox təsir göstərirdi. Amma 2020-2023-cü illər ərzində aparılmış döyüşlərdən və Qarabağdakı ermənilər oradan Ermənistana köçdükdən sonra bütün bu kimi vasitələr, təzyiq üsulları Kremlin əlindən çıxdı. Odur ki, hazırda Rusiyanın birbaşa Azərbaycana hücum etməsi üçün nə siyasi, nə hərbi gücü var. Hətta deyərdim ki, heç maliyyə imkanı da yoxdur. Düzdü, Ukraynadakı hərbi qüvvəsinin bir hissəsini Cənubi Qafqaza gətirə bilsə, bu, böyük fəsadlara səbəb ola bilər. Amma axı Kreml hələ Ukraynada qarşısına qoyduğu heç bir  işğalçı vəzifəni yerinə yetirməyib. Yəni indiki durumda Rusiyanın Ukraynadan bir hərbçi, bir texnikanı da uzaqlaşdırmaq imkanı yoxdur...”
 
Sultan Laçın
 
Seçilən
0
moderator.az

1Mənbələr